Xəbəri Kokpitdə Oxuyun!

Tsunodadan uğursuz rekord

Yuki Tsunoda Britaniya Qran Prisindən sonra Red Bull-un arzuolunmaz rekordların birini – Mark Vebberin 16 illik antirekordunu təkrarlayıb.

Kokpit.az xatırladır ki, Yaponiya Qran Prisindən etibarən Red Bull-un əsas komandasında çıxış edən yapon pilot bu dövr ərzində ardıcıl 5 yarışda xal qazana bilməyərək, 2009-cu ildə Mark Vebberin əldə etdiyi uğursuz seriyanı təkrarlayıb. Həmin dövrdə Formula 1-də fərqli xal sistemi tətbiq olunurdu və yalnız ilk 8 sürücü xal qazanırdı. Hazırda isə bu limit 10-a yüksəlib.

Racing Bulls-dakı güclü performansından sonra Red Bull-a yüksələn Tsunoda üçün əsas komandada işlər qaydasında getmir. Sonuncu dəfə İmolada onuncu yeri tutaraq xal qazanan yapon sürücü bundan sonra keçirilən 5 yarışdan xalsız ayrılıb.

Red Bull ilə çıxdığı 10 yarışda yalnız 7 xal toplayan Tsunoda sıralama turlarında da arzuolunan nəticələr əldə edə bilmir. Son 6 yarışın 3-də birinci sessiyada mübarizəni dayandıran sürücü, yarışa dəfələrlə peletonun son sıralarından başlamaq məcburiyyətində qalıb. Bu isə onun ilk onluğa düşməsinə ən böyük maneələrdən biridir.

Silverstounda Tsunoda sıralama turunda son sessiyaya keçə bilmədiyi halda, onun komanda yoldaşı Maks Ferstappen poul qazanaraq yarışa birinci yerdən başlayıb. Bu fərq isə Red Bull üçün artıq adi hala çevrilib. Daniel Rikkardonun ayrılmasından sonra Ferstappenlə eyni komandada olan əksər pilot, avtomobillə uyğunlaşmaqda çətinlik çəkib. Tsunoda da bu siyahıya daxil olub və fərqli sürət səviyyəsində qalan iki komanda yoldaşı görüntüsü bir daha təkrarlanıb.

Yuki Tsunoda Red Bull-a Liam Lousonun əvəzinə gəlsə də, ardıcıl zəif nəticələri onun gələcəyi ilə bağlı suallar yaradıb. Buna baxmayaraq, Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bu mövsüm ərzində ikinci bir sürücü dəyişikliyinin planlaşdırılmadığını bildirib.

Lakin komandanın rəhbəri Kristian Hornerin istefası kimi köklü dəyişikliklərin baş verdiyi Red Bull-da, Tsunodanın bu performansı ilə nə qədər davam edəcəyi böyük sual olaraq qalır.

Rauf Hacıyev

Şərh əlavə et