Xəbəri Kokpitdə Oxuyun!

K.Hornerin ayrılığı F1-in gələcəyini dəyişə bilər

20 illik dövr sona çatdı – Red Bull-un komanda daxili gərginlikləri və zəifləməsi Hornerin gedişi ilə nəticələndi.

Kristian Hornerin Red Bull Racing komandasından ayrılması təkcə “qırmızı öküzlər” üçün deyil, Formula 1-in bütün strukturuna təsir edəcək bir hadisə kimi qiymətləndirilir. Bu qərar, uzun müddət yığılıb qalan gərginliklərin, bitmək bilməyən daxili çəkişmələrin və həm trasda, həm də paddokda yaşanan problemlərin kulminasiya nöqtəsi hesab olunur.

20 il – 8 çempionluq – lakin sonu dəyişə bilmədi

Kristian Horner 2005-ci ildən bu günə qədər Red Bull-un komandasının rəhbəri olmuş, komandaya 6 Mühəndislər və 8 Sürücülər Çempionluğu qazandırmışdı. Onun rəhbərliyi dövründə Red Bull Formula 1-in ən güclü və nüfuzlu komandalarından birinə çevrilmişdi. Lakin son illərdə komandanın zəifləməsi və daxili münaqişələrin artması ilə bu uğurlu dövr sona çatdı.

Daxili çəkişmələr və skandallar ayrılığı sürətləndirdi

2023-cü ildə bir əməkdaş tərəfindən Hornerə qarşı irəli sürülən cinsi qısnama ittihamı komandada böyük sarsıntı yaratdı. Red Bull rəhbərliyi onu günahsız saysa da, komanda daxilindəki güc balansı dəyişməyə başladı. Maks Ferstappenin atası Yos Ferstappen və Helmut Marko ilə münasibətlərin gərginləşməsi Horner üçün vəziyyəti daha da çətinləşdirdi.

Red Bull-un qurucusu Ditrix Mateşitsin 2022-ci ildə vəfatından sonra yaranan rəhbərlik boşluğu, Oliver Mintzlaff və Mark Mateşits arasında yeni güc bölgüsü formalaşdırdı. Bu da Horner-in dəstəyini zəiflətdi.

Komandaların zəifləməsi və texniki itkilər

Red Bull-un mövsüm ərzində McLaren və Ferrari ilə rəqabətdə geridə qalması, Ədrian Nyui kimi mühüm texniki mütəxəssisin ayrılması, strategiya səhvləri və Ferstappenin açıq narazılığı komandanın uğurlarına ciddi zərbə vurdu. Hornerin bütün sahələrə müdaxilə etməsi, motor layihələrindən tutmuş idarəetməyə qədər hər şeyi öz nəzarətində saxlamağa çalışması da vəziyyəti gərginləşdirdi.

Ferstappen qalacaq, yoxsa gedəcək?

İndi əsas sual Maks Ferstappenin komandada qalacağı ya da qalmayacağıdır. Bəzi iddialara görə, Hornerin gedişi məhz onu komandada saxlamaq üçün atılan addımdır. Digər ehtimala görə isə Ferstappen artıq qərarını verib və ayrılmağa hazırlaşır. Bu da Hornerin vəzifəsini itirməsini qaçılmaz edib.

Horner Britaniya Qran Prisindən sonra verdiyi açıqlamada, Ferstappenin 2026-cı ildə Red Bull-da qalacağına dair dəqiq fikir bildirməkdən yayınmışdı: “Maks təxminən on ildir ki, bu komandanın əsas sütunudur. Onu saxlamaq istəyirik. Amma bir gün – bəlkə gələn il, bəlkə bir neçə il sonra – artıq burada olmayacaq. Biz gələcəyə sərmayə yatırmağa davam etməliyik”.

Yeni dövr – Loren Mekis rəhbərlikdə

Kristian Hornerin əvəzinə Racing Bulls komandasının rəhbəri Loren Mekis təyin edilib. İndi bütün gözlər onun rəhbərliyi dövründə Red Bull-un yenidən zirvəyə qayıdıb-qayıtmayacağında və Ferstappenin qərarında olacaq.

Rauf Hacıyev

Şərh əlavə et