Xəbəri Kokpitdə Oxuyun!

L.Louson: Düzgün qərar verdik

Racing Bulls komandasının sürücüsü Liam Louson Britaniya Qran Prisinin ilk dövrəsində mübarizəni dayandırmalı olub və bildirib ki, yarışdan əvvəl trasda qalmağa çalışırmış.

Yarışın başlanğıcında tras olduqca sürüşkən olub və Louson arxa sıralarda mübarizə aparıb. Beşinci döngəyə çatanda, o, apeksdə olan Yuki Tsunodadan yayınmağa çalışan Esteban Okon ilə toqquşub.

Təmas nəticəsində Lousonun Racing Bulls bolidi yüksək sürətlə fırlanıb və asılqana zərər dəyib. Bununla da yeni zelandiyalı pilot mübarizəni vaxtından əvvəl dayandırmalı olub.

Yarışa ehtiyatlı başladığını deyən Liam Louson belə açıqlama verib: “Yaxşı start almışdım.

Bu hava şəraitində bolidimiz çox güclü olacaqdı. Həftəsonu boyunca istifadə etdiyimiz sazlanmalar bu hava şəraiti üçün çox uyğun idi. Həqiqətən də sadəcə yarışda qalmağa çalışırdım. Heç bir aqressiv hərəkət etmədim”.

Yarışdan əvvəlki qızdırma dövrəsində Louson trasda qalaraq yarışa yağış təkərləri ilə başlamaq qərarı verib, komanda yoldaşı Ayzek Hacar isə sürətlə quruyan trasda quru hava təkərlərinə keçmək üçün pitə daxil olub.

Bu qərarla bağlı Liam Louson belə deyib: “Bu barədə müzakirə etdik və az qala mən də eyni qərarı verəcəkdim. Amma son sektor hələ də çox yaş idi. Həmin gün keçirilən F2 və F3 yarışlarında da gördük ki, trasın tam quruması çox vaxt aparır. Buna görə də düşünürəm ki, düzgün qərar verdik”.

Rauf Hacıyev

Şərh əlavə et