Əslində sıralanma turundan sonra bizi maraqlı yarışın gözləyəcəyini deyə bilərdik, amma gözlədiyimizdən də maraqlı yarış oldu. Maks Ferstappen poul aldıqdan sonra əksəriyyət düşünürdü ki, bazar günü qələbə uğrunda beş sürücü mübarizə aparacaq. Sərbəst yürüşlərdə Ferrari və McLaren-in templəri bu fikirləri dəstəkləyirdi. Lakin biz yarışda tamamilə fərqli ssenari gördük.
McLaren yenə də heç kimə şans vermədi
McLaren komandası Silverstounda son qələbəsini 2008-ci ildə Lyuis Həmiltonla qazanmışdı. Həmin yarış da yağışlı havada keçirilmiş və Lyuis rəqiblərinə böyük fərq ataraq (ən yaxın rəqibi Haydfieldə 68 saniyə fərq atmışdı) yarışı qazanmışdı. Bu qələbədən sonra McLaren doğma trasında yarış qazana bilmirdi. “Narıncılar” keçən il buna yaxın olsalar da, bu dəfə Lyuis Həmilton Mercedes-i ilə mükəmməl performans göstərərək, buna mane olmuşdu.
Lakin axır ki, bu tilsim 17 ildən sonra qırıldı və McLaren öz publikası önündə, britaniyalı sürücü ilə yarışı qazandı. Özü də 2008-ci ildəki kimi yağışlı havada və yenə də ən yaxın rəqiblərinə böyük fərq ataraq… Düzdür, Oskar Piastri təhlükəsizlik maşını arxasında Maks Ferstappenlə “məzələnməsəydi”, 10 saniyə cəza almayacaqdı və yarışı qazanacaqdı. Avstraliyalı sürücü bu səhvi ilə həm qələbəni Lando Norrisə hədiyyə etdi, həm də Sürücülər Çempionatında üstünlüyünün 15 xaldan 8 xala düşməsinə səbəb oldu.
Lando Norris isə karyerasında həm ilk Brtitaniya Qran Prisini qazandı, həm də ilk dəfə ardıcıl iki yarışda qalib gəldi. Yəni ki, 26 yaşlı pilot bir güllə ilə iki quş vurdu.
Formula 1-in sensasiyası
Silverstounda nəyin ki, günün, Formula 1 tarixinin sensassiyası baş verdi. Niko Hülkenberq 19-cu yerdən başladığı yarışı üçüncü yerdə bitirərək, karyerasının 239-cu yarışında ilk podiumunu qazandı. Beləliklə, o, podium qazanmadan ən çox yarış keçirən sürücü statusundan qurtuldu. Artıq bu status onun yerlisi Adrian Sutildədir.
Niko Hülkenberq bu uğura yiyələnmək üçün çox əziyyət çəkdi. Komandası onun üçün düzgün strategiya seçdi. Özü isə Ləns Strollu vaxtında keçdi. Bu trasda ən çox yarış qazanmış – 9 dəfə – Lyuis Həmiltonu arxasında saxlaya bildi. Karyerasının ilk podiumunu Formula 1-in məbədi sayılan Silverstoun trasında əldə etdi.
Bəs Hülkenberqin uğuru təsadüfdür? Düzdür, hava yağışlı olmasaydı, 38 yaşlı sürücü bu podiumu çətin ki, qazanardı. Lakin Almaniyalı pilot son 4 yarışdan 31 xal toplayıb. Sauber komandası isə son 4 yarışa 35 xal toplayıb. Bu isə Audi-yə keçiddən əvvəl İsveçrə komandası üçün yaxşı xəbərdir.
Ferrari və Red Bull ram olunmazdırlar
Ferrari sərbəst yürüşlərdə göstəridiyi performansdan sonra yarışın aşkar favoriti idi. “Qırmızılar” üç sərbəst yürüşün ikisində birinci yeri tutmuşdular. Red Bull isə şənbə günü Maks Ferstappenlə poul qazandıqdan sonra azarkeşlərini ümidləndirmiş. Lakin xallar bazar günü paylanılır.
Ferrari əvvəlcə Şarl Lekleri qızdırma dövrəsindən sonra pitə alıb, quru təkərlərə keçirərək, monakolu sürücünün yarışını məhv etdi. Lyuis Həmilton isə bir ara podiuma yaxın olsa da, son pit-stopdan sonra etdiyi səhvdən sonra ümidləri bir dəfəlik tükəndi. Bu səhv yeddiqat Dünya Çempionuna podium orucunun bitməsinə icazə vermədi. Lakin əfsanəvi pilot yarışdan sonra Ferrari bolidindən şikayət edərək, onu sürməyin asan olmadığını dedi. Şarl Lekler 15 pilotun bitirdiyi yarışda 14-cü ola bildi…
Red Bull-da da problem eyni idi. Maks Ferstappen yarışın əvvəlində bolidi çətinliklə idarə edirdi. Təhlükəsizlik maşınından sonra isə o, bunu bacarmadı və maşın yerində fırlandı. Yekunda Maks pouldan başladığı yarışı beşinci yerdə bitirə bildi. Bəlkə də, Maksın yağışlı havadakı ən pis performansı idi…
Yuki Tsunoda isə Avstriyadan sonra növbəti dəfə yarışı sonuncu yerdə bitirdi. Red Bull komandası son 4 yarışda çox xallar itirdi. Belə görünür ki, “qırmızı öküzlər”in düşərgəsində böhran günü-gündən artır.
Beşinci yer uğrunda mübarizə qızışır
Mühəndislər McLaren komandası inamla liderlik edir. Ferrari hazırda ikinci yerdədir və onları mövsümün geri qalanında Mercedes və Red Bull ilə ikinci yer uğrunda çətin mübarizə gözləyir.
Lakin belə görünür ki, mövsümün son 12 yarışında beşinci yer uğrunda mübarizə daha maraqlı keçəcək. Belə ki, mövsümə möhtəşəm başlayan Williams komandası son 4 yarışdan cəmi 5 xal toplaya bilib. Sauber komandası bu 4 yarışda 35 xal, Aston Martin isə 22 xal toplayıb. Hazırda Williams komandası 59 xalla beşinci yerdədir. Sauber 41, Racing Bulls və Aston Martin isə 36 xal toplayıblar. Əgər Williams belə performans göstərsə, son 12 yarışda biz beşinci yer uğrunda ciddi mübarizə izləyə bilərik.
Beləliklə, mövsümün yarısını geridə qoyduq. Növbəti Qran Pri isə 26-28 iyulda Belçikanın əfsanəvi Spa-Frankorçamps trasında baş tutacaq.
Şərh əlavə et