Kokpit.az xatırladır ki, Niko Hülkenberq Formula 1 karyerasının 239-cu yarışında ilk dəfə podiuma yüksəlməklə həm şəxsi karyerasında, həm də komanda tarixində iz qoyan uğura imza atıb. Yarışa start düzülüşünün arxa cərgəsindən başlayan alman pilot yağışlı hava şəraitində qüsursuz sürərək, damalı bayrağı üçüncü yerdə keçə bilib.
Podium mərasimindən sonra komandanın rəhbəri Conatan Vitli Hülkenberqi tərifləyib: “Niko bu gün çox yaxşı sürdü. Silverstounda və bütün karyeram ərzində gördüyüm ən yaxşı çıxışlardan biridir. Onun karyerası ərzində podium qazana bilməməsi mənə qəribə gəlirdi. Bu gün onun istedadını hamı gördü”.
Niko Hülkenberqin uğuru Sauber üçün də böyük əhəmiyyət kəsb edir. Komanda 2012-ci ildən bəri ilk dəfə podiuma yüksəlib və Avstriyada iki sürücü ilə xal qazandıqdan sonra forma qrafikini artırıb. Bu nəticələr Audi-yə keçid zamanı atılan strateji addımların və texniki inkişafın öz bəhrəsini verdiyini göstərir.
Conatan Vitli komandanın qazandığı temp haqqında bunları deyib: “Bu gün ən vacib şey komanda daxilindəki inam idi. İnsanlar indi bizə inanmağa başladılar. Mattia Binottonun bu strukturu yaratmaq üçün gördüyü bütün işlər yavaş-yavaş öz bəhrəsini verir. Strategiyada düzgün qərarlar verdik, doğru zamanda trasa çıxdıq, düzgün təkər seçdik. Hər kəslə fəxr edirəm.
Yarış quru hava keçsəydi, mən indi bu qədər jurnalistin yanında ola bilməzdim. Amma Hülkenberq qeyri-adi yarış keçirdi və o, bu podiuma layiq idi”.




Şərh əlavə et