Kokpit.az xatırladır ki, monakolu sürücü yarışın qızdırma dövrəsindən sonra start düzülüşünə yox, pit-stopa yollanıb. O, keçid təkərlərindən Medium təkərlərə keçib. Lakin bu strategiya onu geriyə salıb.
Şarl Lekler yarış ərzində stabil sürüş göstərə bilmədiyini, etdiyi strateji və sürüş səhvləri ilə xal qazanmaq şansını əldən verdiyini etiraf edib.
27 yaşlı pilot yarışın əvvəlində səhv təkər seçimi etdiyini qəbul edərək deyib: “Bu qərardan razı deyiləm, amma öz qərarımdı. Düşündüm ki, tras daha tez quruyacaq, amma belə olmadı.
Yarışın gedişində sabiq komanda yoldaşı Karlos Saynsla yaşadığı təmas barədə də danışan monakolu pilot, 15-ci döngədəki səhvin məsuliyyətini üzərinə götürüb: “Mənim səhvim idi. Bu səbəbdən gedib Karlosa üzr istədim. O da xal qazana bilərdi, amma buna mane oldum, çox üzr istəyirəm”.
Yarış ərzində dəbilqəsinə su dolmasına görə bir müddət görmə problemi yaşadığını deyən Lekler, əsl problemin isə ümumi performans çatışmazlığı olduğunu vurğulayıb: “Bugün çox çətin idi. Heç bir döngədə özümü yaxşı hiss etmədim. Maşının nəzarətini saxlamaq çox çətin idi. Nə baş verdiyini təhlil etməliyəm.
Lyuis məndən çox sürətli idi. Belə günlərdə öyrəniləcək çox şey olur”.
Lekler mövsümün qalan hissəsi üçün bəzi yeniliklərin yolda olduğunu, bu yeniliklərin zəif nöqtələri aradan qaldıra biləcəyini deyib: “Bəzi zəifliklərimiz var və bunları düzəltmək üçün çalışırıq. Bu gün xalları əldən verdim, bu da məyusedicidir”.
Sonda şənbə günü radio danışığındakı emosional reaksiyası barədə isə belə deyib: “Bəzən radioda dediklərinizə sonradan peşman olursunuz, amma yarışın həyəcanı ilə bu baş verir. Kənardan gülməli görünə bilər, ancaq o anlarda hiss etdiyim məyusluq çox yüksək olur”.




Şərh əlavə et