2024-cü il mövsümündə Mühəndislər Çempionatını cüzi fərqlə McLaren-ə uduzan Ferrari, bu mövsümə daha güclü başlamağı gözləyirdi.
Lakin işlər Maranello mərkəzli komandanın istədiyi kimi getmədi. Elə ki, Ferrari ilk dördlükdə yer almasına baxmayaraq indiyə qədər dördlükdə qələbə qazana bilməyən yeganə komandadır.
Britaniya Qran Prisindən əvvəl jurnalistlərin suallarınş cavablayan Şarl Lekler bildirib ki, istədikləri səviyyədə olmasalar da Silverstoundakı yarış üçün ümidlidirlər.
Şarl Lekler: “Bəli, əvvəlcə son dövrdəki gedişatdan razı olduğumuzu deyə bilərəm. Addım-addım inkişaf edirik.
Təbii ki, hələ tam razı deyilik, çünki əsas məqsədimiz yarışlar qazanmaqdır.
Bu yarışa gəldikdə isə, keçmişdə burada olduqca rəqabətədavamlı olmuşuq. Lyuis burada həmişə möhtəşəm performans göstərir, ona görə də ümid edirəm ki, gözəl həftəsonu keçirəcəyik və bəlkə də qələbə şansımız olacaq. Uzun müddətdir ki, qələbə uğrunda savaşmırıq, ümid edirəm bu həftəsonu o an baş verər.
Düşünürəm ki, gözlədiyimizdən daha çətin mövsüm başlanğıcı oldu. Keçən mövsümü qələbə uğrunda mübarizə apararaq və Mühəndislər Kubokubda yarışaraq bitirdiyimizdə, yeni mövsümə də ən azı oxşar səviyyədə başlamağı ümid edirdik. Amma bu baş vermədi.
Mövsümün əvvəlində bir qədər çətinlik çəkdik. Amma indi inkişaf prosesi ilə birlikdə yenidən doğru yolu tapmağa başladıq.
Bu inkişaf bizə irəli doğru addımlar atmağa kömək etdi. Daha çox yenilik yoldadır. Ümid edirəm bunlar McLaren və Red Bull ilə aramızdakı fərqi azaltmağa yardım edəcək.
Mövsümün ikinci yarısı necə keçəcək bilmirəm, amma birinci yarıdan daha parlaq keçməsini ümid edirəm”.
Şərh əlavə et