Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen Merceses iddialarına cavab verib

Red Bull komandasının sürücüsü Maks Ferstappen Britaniya Qran Prisindən əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Ulduz pilot Mercedes transferi, müqavilə şərtləri və komandasının performansı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Kokpit.az bildirir ki, niderlandlı sürücü Mercedes-in onunla maraqlandığı haqda iddialara qısa cavab verərək mövzuya toxunmaq istəmədiyini bildirib: “Bu barədə deyəcək bir sözüm yoxdur.”

Mercedes-in onun komandası ilə əlaqə saxladığını söyləyən jurnalistə isə qısa şəkildə cavab verib: “Kim deyir bunu?”

Jurnalist “Mercedes” cavabını verdikdə isə eyni ifadəni təkrarlayıb: “Deyəcək bir şeyim yoxdur”.

Ferstappen mövcud müqaviləsində çıxış maddəsi olub-olmaması ilə bağlı suallara da konkret cavab verməyib: “Müqaviləm barədə danışmaq istəmirəm. Belə olsa, hər şey hamı üçün daha asan olar”.

Onun 2026-cı ildə Red Bull-da qalacağı ilə bağlı suallara isə belə cavab verib: “Hazırda bu barədə verilmiş qərar yoxdur. Mən qarşımdakı yarışlara və komandam üçün etməli olduqlarıma fokuslanmışam”.

F1-dən uzaqlaşacağına dair iddiaları rədd edən Ferstappen etiraf edib ki, gələcəkdə Formula 1-dən başqa seriyalarda yarışmaq istəyir: “Gələcəkdə Formula 1-dən başqa bəzi yarışlara çıxmaq istəyirəm. Testlərlə artıq buna başlamışam. Hazır olduğum müddətdə bu planları davam etdirmək fikrindəyəm.

Maks Ferstappen 2026-cı ildə qüvvəyə minəcək yeni texniki reqlamentə uyğun bolidi hələ simulyatorda test etmədiyini bildirib: “Hələ sürməmişəm, amma komandadakı digər pilotlar test ediblər. Mən nəticələri izləyirəm”.

2023-cü il mövsümündəki üstünlükdən sonra Red Bull-un performansındakı enişə barədə də danışan Ferstappen bildirib ki, bu normal prosesdir: “F1 belədir. Əgər hamı nə etməli olduğunu dəqiq bilsəydi, o zaman hamı qalib gələrdi. Amma bu, belə işləmir”.

O, komandasının xüsusilə orta sürətli döngələrdə zəif olduğunu, McLaren-in isə bu sahədə daha güclü göründüyünü deyib. “Keçən il balansla bağlı problemləri həll etməyə çox vaxt sərf etdik. Bu da builki inkişaf tempimizi yavaşlatdı. McLaren səviyyəsinə çatacağıq, ya yox – bilmirəm. Amma işləməyə davam edəcəyik”.

Komanda daxilindəki mərkəzləşdirilmiş idarəçilik və daxili gərginliklər haqda verilən suallara cavab verən Ferstappen heç kimi tənqid etməyib: “2023-cü ildə hər şey yaxşı gedirdi və bu idarəetmə forması normal görünürdü. İndi tənqid etmək asandır. Mən neqativ danışmaq istəmirəm”.

Sonda Maks Ferstappen bildirib ki, yeni texniki və mühərrik qaydalarına görə idmanın gələcəyi çoxsaylı müəmmalarda doludur: “2026-cı il üçün heç kim tam əmin ola bilməz. Hər kəsi qarşıda müəmmalar gözləyir. Mənim vəzifəm isə mövcud bolidi maksimum performansla sürməkdir”.

Maks Ferstappen McLaren-in yüksəlişinin əksinə Red Bull-un güclü başlayıb sonradan geriləməyə başladığını da etiraf edib: “Yeni qaydalara çox güclü başladıq. Amma zaman keçdikcə çətinliklər ortaya çıxdı. İndi bunun səbəblərini tapmağa çalışırıq”.

Rauf Hacıyev

Şərh əlavə et