Frederik Vassyörün Avstriyadakı yarışa qatılmamasının şəxsi səbəblərlə bağlı olduğu bildirilir. İtalyan jurnalist Culyano Dukessa bildirib ki, yayılan bəzi şayiələrin əksinə olaraq bu qərar tamamilə şəxsi məsələlərə görədir. O əlavə edib ki, Vassyör istəsə, bu barədə açıqlama verər.
Silverstoun Qran Prisindən əvvəl açıqlama verən Frederik Vassyör SF-25 bolidindəki son yeniliklərin performansa müsbət təsir göstərdiyini vurğulayıb: “Avstriyadan sonra indi çox fərqli bir tras olan Silverstouna keçirik. Şpilberqdə SF-25-ə tətbiq etdiyimiz yeniliklər ötən bazar günü əldə etdiyimiz yaxşı nəticədə mühüm rol oynadı. Bu müsbət tempi qarşıdakı yarışa da daşımaq istəyirik.
Güclü performans üçün bütün əməliyyatlarımızın hər detalına fokuslanmağın nə qədər vacib olduğunu gördük. Ona görə də hər zamanki kimi öz işimizə fokuslanacaq və təmiz bir yarış həftəsonu keçirməyə çalışacağıq”.
Frederik Vassyör həmçinin Lyuis Həmilton haqqında da danışıb və onu ev trasında yarışacağı üçün bu yarışda xüsusilə motivasiyalı olacağını deyib: “Bura Lyuisin evidir və burada həmişə onu böyük azarkeş kütləsi dəstəkləyir. O, yaxşı nəticə almaq üçün çox istəkli olacaq.
Şəxsən mən də Silverstouna xas olan o xüsusi atmosferi yenidən yaşamaq üçün səbirsizlənirəm”.
Şərh əlavə et