Xəbəri Kokpitdə Oxuyun!

Avstriya F3: Uorton sprintdə qalib gəlib

Ceyms Uorton Avstriyada keçirilən Formula 3-ün şənbə sprint yarışının qalibi olub. ART GP komandasının sürücüsü 2021-ci ildən sonra bu seriyada qalib gələn ilk avstraliyalı pilotdur. Bu seriyada qalib gəlmiş son avstraliyalı sürücü Cek Duhən olmuşdu. Podiumu Alessandro Giusti və Uqo Uqoçukvu tamamlayıblar.

Şənbə səhəri Şpilberqdə hava günəşli idi. Yarış vaxtı havanın temperaturu 22 dərəcə, asfaltın temperaturu isə 32 dərəcə olub. Tribunalar artıq azarkeşlərlə dolmağa başlamışdı.

İsinmə dövrəsində doqquzuncu yerdəki Bruno del Pino yerindən tərpənməkdə çətinlik çəkib, lakin daha sonra hərəkətə gəlib və start düzülüşündəki yerini tutub. Poul mövqeyinin sahibi Ceyms Uorton inamla start alıb və liderliyini qoruyub. Üçüncü döngədə Giusti onu qabaqlamağa çalışsa da, alınmayıb.

Çarli Vurç və Brando Badoer üçüncü yer uğrunda gərgin mübarizə aparırıblar. Yekunda Vurç üstünlük qazanıb. İlk onluqda ən çox irəliləyən isə Nikola Colov olub – O, dörd yer qazanaraq səkkizinci yerə yüksəlib.

21 dövrədən ibarət yarışın ikinci dövrəsində trasda sarı bayraqlar çıxıb və təhlükəsizlik avtomobili rejimi başlayıb. Səbəb üçüncü döngədə Tuukka Taponen, Lui Şarp və Kristian Xo arasında baş verən insident olub. Hər üç pilot mübarizəni dayandırıb, lakin Xo maşını ilə pitəqədər gedə bilib.

Beşinci dövrədə yarışa restart verikib. İlk altılıq sürücülər yerlərini qoruyublar. Colov isə Kalyun Voisini keçərək yeddinci yerə yüksəlib. Altıncı dövrədə Badoer birinci döngədən çıxarkən səhv edib və dördüncü yerdən beşinciliyə geriləyib. Beləliklə Uqo Uqoçukvu onu keçib

Yeddinci dövrədə del Pino və Bred Benavides arasında üçüncü döngədə təmas olub. Hər iki maşın zədələnib, lakin pilotlar boksa qədər özlərini çatdıra biliblər. Del Pino yarışa qayıtsa da, Benavides maşının zədələnməsinə görə mübarizəni dayandırmalı olub.

Səkkizinci dövrədə Giusti dördüncü döngədə Uortona hücum etməyə çalışıb, lakin ART komandasınln pilotu mövqeyini qoruyub. Bu anda Martinius Stenshorn yarışın ən sürətli dövrəsini göstərib və bu nəticəni sona qədər heç kim yaxşılaşdıra bilməyib.

Doqquzuncu dövrədə Colov çempionatin lideri Rafael Kamaranı keçərək altıncı yerə yüksəlib. Növbəti dövrədə Kamara əks-hücum etməyə çalışsa da, Colov sərt müdafiə ilə buna imkan verməyib. Kamara dördüncü döngənin çıxışında çınqıllı zonaya çıxıb və doqquzuncu yerə geriləyib.

Yarışın 13-cü dövrəsində Badoer üçüncü döngədə Uqoçukvuya hücum edib, lakin əylənmədə səhvə yol verərək Vurça arxadan çırpılıb. Çarli Vurç zədələnmiş maşını ilə döngədə dayanmalı olub. Buna görə də trasa növbəti dəfə təhlükəsizlik maşını çıxıb. Badoerin ön qanad dəyişdirilib və o, yarışa davam edib.

Finişə 4 dövrə qalmış yarış yenidən başlayıb. Uorton yenə də liderliyini qoruyub. Üçüncü yer uğrunda Colov Uqoçukvuya hücum edib, lakin az qala Tasanapol Intrafuvasa onu keçəcəkdi.

Beləliklə, Ceyms Uorton yarışı inamla qələbə ilə başa vurub. Alessandro Giusti karyerasında ikinci dəfə podiuma yüksəlib və indiyə qədərki ən yaxşı nəticəsini əldə edib. Uqo Uqoçukvu isə Prema komandasına mövsümdə ilk podiumu qazandırıb.

Nikola Colov dördüncü yerdə finiş görərək şəxsi hesabda Rafael Kamara ilə xal fərqini altı xala endirib. Kamara onuncu yerə görə bir xal qazanmaqla kifayətlənib.

Rauf Hacıyev

Şərh əlavə et