Kokpit.az xatırladır ki, gələn ildən etibarən formula 1-də texniki reqlament tamamilə dəyişəcək. Həm aerodinamikada, həm də güc qurğusunda böyük dəyişikliklər olacaq.
Bu inqilabın əsas səbəbəkarlarından biri olan Tim Qoss daha əvvəl Fİ-da texniki direktor işləyirdi. İndi o, Racing Bulls komandasının Texniki Direktor vəzifəsində işləyir və bu yeni reqlamentə hazırlaşır.
Aerodinamika və motor artıq bütünlüklə işləyəcək
Tim Qoss sözlərinə belə başlayıb: “Güc qurğusu və şassi indiyə qədər olduğundan çox əlaqəli işləyəcək. Çünki maşının performansı enerjinin dolmasına birbaşa təsir edəcək. Sadə dildə desək, bir maşın döngələrdə nə qədər sürətlidirsə, o qədər az enerjini geri qazana bilər. Çünki daha çox asfaltla ilişmə və daha qısa əyləc məsafəsi ilə batareyanı doldurmağa az vaxtınız olacaq. Buna görə də enerjini geri qazanmaq üçün başqa üsullar tapmalısınız. Bunun bir üsulu düzlüyün sonunda ayağınızı qazdan götürməyinizdir”.
Bununla da 2026-cı ildə “döngə performansı yoxsa düzlük sürəti?” sualının cavabını tapmaq çətin olacaq. Artıq yüksək aerodinamik yük təkcə hava dirəncini artırmayacaq, eyni zamanda batareyanın dolma prosesini də məhdudlaşdıracaq. Yəni ki, asfaltla ilişmənin artması daha zərərli olacaq.
Konsept ancaq xarici görünüşdən ibarət deyil
Yeni dövrdə uğurlu avtomobil inşa etmək üçün sadəcə aerodinamika yox, maşının təməl fəlsəfəsi də vacib olacaq.
Tim Qoss bu prosesi üç əsas başlıqla izah edirb
- Əsas Dizayn: “Ön və arxa təkərlərin yerləşdirilməsi, ağırlıq paylanması kimi əsas struktur qərarları çox vacibdir”
- Bolidin dinamikası: “Asılqan sistemləri burada çox vacibdir. Xüsusən də arxa tərəfin yüksəkliyi müəyyən olunmalıdır
- Aerodinamik quruluş: “Hava axımının ön qanaddan arxa diffuzora necə yönləndirilməsi vacibdir. Bəzən ön tərəf çox yük istehsal edir və bu axın arxa tərəfə təmiz formada çatmır. Belə olan halda problemlər başlayacaq.
Bütün bu parametrlərin ortaq məxrəci isə təkərlərdir. Tim Qoss bildirib ki, yeni dövrdə ön təkərlər daha dözümlü olacaq, amma arxa təkərləri diqqətlə qorumaq lazımdır: “Əgər arxa təkərləri qoruya bilməsək, yarış ərzində rəqabətədavamlı ola bilməyəcəyik. Buna görə də bütün konsept təkərlərlə uyğun olmalıdır”.
İki rejimli aerodinamika və cüt qanad sistemi gəlir
2026-cı ildə maşınlarda iki aerodinamik rejim aktiv olacaq. Yəni ki, həm döngə, həm də düzlük üçün ayri-ayrı qanad sazlanmaları edilə biləcək. Bu sistem sadəcə arxa qanadı yox, ön qanadı da əhatə edəcək.
Tim Qoss: “Döngələrdə mümkün qədər çox asfaltayatma qüvvəsi istəyirsiniz. Düzlükdə isə tam tərsidir. Bu da iki fərqli hədəf və iki fərqli faydalılıq strategiyası yaradacaq”.
Hazırkı DRS sistemində arxa qanad açılır. Bununla da maşının alt gövdəsi və diffüzorla əlaqəyə girərək, bolidin ümumi aerodinamikasını dəyişdirir. Yeni dövrdə bu sistem daha əhatəli olacaq.
Tim Qoss: “Sistemlərin necə əlaqəyə girdiyinə nəzarət edə bilsək, böyük üstünlük qazanacağıq”
Rəqibi izləmək asan olacaq, amma mühəndislər məmnun deyil
Yeni qaydaların yazılma səbəblərindən biri də öndəki maşını izləyərkən çirkli havanın təsirini azaltmaqdır. FİA izləməni asanlaşdırmaq üçün bəzi aerodinamik detalların formalarını və yerləşdirilməsini qəti şəkildə məhdudlaşdırıb. Bu da o deməkdir ki, maşının dizaynında sərbəstlik azalacaq.
Tim Qoss düşünür ki, 2022-ci il qaydalarının ilk hədəfi bu idi və uğurlu oldu. Lakin illər keçdikcə komandalar inkişaf etdi və bu da bəzi üstünlükləri azaltdı. Yenə də əvvəlki dövrlərə dönüş mümkün olmadı: “Altlıq effektli maşınlarla birgə dalğalanma problemləri yarandı. Bu həm sürücülər üçün sağlıqsız, həm də yarış üçün pis idi. Lakin yeni venturi kanalı reqlamenti və komandaların öyrənmə prosesi bu problemləri azaltdı”.
2026-cı il üçün tələsmək olmaz. Sınaq vaxtıdır
Racing Bulls komandası 2026-cı il maşınını. dizayn edərkən tələsmir. Bunun səbəbi isə hələ hansı aerodinamik quruluşun uğurlu olduğunu heç kimin bilməməsidir.
Tim Qoss bildirib ki, xüsusən ön qanadların xaricə doğru yönləndirmə sərbəstliyi artıq yoxdur. Buna görə də hər şeyi sıfırdan dizayn etmək lazımdır: “2026-cı ilin qış testlərində çox fərqli dizaynlar görəcəyik. Hamı bir-birinin maşınına baxacaq. Ümid edirəm ki, ən sürətli komanda biz olarıq”.
Şərh əlavə et