Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Maks qəsdən vurdu

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, Maks Ferstsppen ona bilərək vurub.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü İspaniya yarışının son dövrələrində Maks Ferstappenə hücum edib. Lakin niderlandlı sürücü bu hücumu həzm edə bilməyib və Rassellə təmas edib. Yekunda Maksa 10 saniyə cəzası verilib.

Corc Rassell yarışdan sonra bildirib ki, FİA bu insidenti yenindən araşdırmalıdır: “Sözün açığı elə bil qəsdən vurdu. Simulyator yarışlarında və iRacing-də bunu dəfələrlə görmüşəm, amma Formula 1-də ilk dəfə belə halla qarşılaşdım. Bu doğrudan da məyusedicidir. Maks dünyanın ən yaxşı pilotlarından biridir, amma belə manevrlər lazımsızdır və onun üçün məyusedicidir. Bu, idmanı sevən uşaqlara da pis nümunədir”.

Mercedes komandasının sürücüsü əlavə edib ki, qəzadan emosionaı olaraq təsirlənməyib, amma qəza qəsdən edilibsə, sanksiya tətbiq edilməlidir: “Əgər doğrudan da qəsdən edibsə, əlbəttə, cəza verilməlidir. Başqa sürücüyə qəsdən vurmaq qəbul edilməz haldır. Həyatımızı riskə atırıq.

Yenə də müasir dövrdə maşınlarımız çox təhlükəsizdir, amma təhlükəsizliyə arxayın olmamalıyıq. Belə hallar ancaq özünə zərər vurar.

Mən yarışı dördüncü yerdə bitirdim, o isə onuncu… Yəni bu qəzadan mən daha yaxşı faydalandım”.

Corc Rassell təhlükəsizlik maşını zamanı pit-stopa çağırılmayıb. Britaniyalı pilot bunun səbəbini özü də bilmir: “Pitə niyə çağırılmadım bilmirəm. Sizin üçün necə təəccüblüdürsə, mənim üçün də elə böyük surpriz idi”.

Sonda Corc Rassell bildirib ki, Maks Ferstappenin təması ilə potensial podium şansını da əldən verib: “Şarl yarışın sonlarında çox yavaşladı. Maks bir az səbirli olsaydı, podium uğrunda mübarizə apara bilərdi.

Hard təkərlərlə başlamışdı və ola bilsin əsəbiləşib. Ancaq qabaqda hələ beş dövrə var idi. Bu qədər aqressiv manevr etməyə ehtiyac yox idi. Formula 1-də belə şeylər olmaz. Bəlkə, Formula E-də olar”.

Rauf Hacıyev

Şərh əlavə et