Xəbəri Kokpitdə Oxuyun!

Piastri son məşqdə də əlçatmaz olub

İspaniya Qran Prisinin üçüncü sərbəst yürüşlərində Oskar Piastri hamıdan sürətli olub.

Kokpit.az bildirir ki, sessiyanın ilk dəqiqələrində sürücülər trasa çıxmağa tənbəllik ediblər. Sadəcə Kolapinto və Bortoleto boksu tərk edərək, dövrə vurublar.

İlk 20 dəqiqədən sonra demək olar ki, heç bir sürücü trasa çıxmayıb. Barselonada isə nahardan sonra havanın temperaturu artıb və trasın temperaturu 45 dərəcə olub. Belə olan halda asfaltla ilişmə də çətinləşib.

20 dəqiqə geridə qaldıqdan sonra sürücülər trasa çıxmağa başlayıblar və ilk cəhdlərdən sonra Şarl Lekler birinci yerə yüksəlib. Onun komanda yoldaşı Lyuis Həmilton isə Medium təkərlərlə 0.1 saniyə geridə qalaraq ikinci olub.

Son yarım saatın başlanğıcında Corc Rassell ən yaxın rəqibini 0.4 saniyə qabaqlayaraq birinci yerə yüksəlib. Trasa ən axırda çıxan Kimi Antonelli Soft təkərlərlə yaxşı işləyib və ilk cəhdində ikinci olub.

Sessiyanın son 20 dəqiqəsində isə temp aşağı düşüb. Rassell, Sayns, Louson və Qasli trasda dövrələr vurduqları halda digər sürücülər Soft təkərlər götürmək üçün boksa qayıdıblar.

Trasın temperaturu isə yüksəlməyə davam edib. Hava temperaturu 30 dərəcə olduğu halda, trasın temperaturu 47 dərəcəyə yüksəlib.

Barselonada hava qızdıqdan sonra Maks Ferstappen yeni dəst Soft təkərlərlə sürətli dövrəyə başlayıb və o, 1.13.375 zaman nəticəsi ilə Rasselli 0.021 saniyə qabaqlyaraq, birinci yerə yüksəlib.

Yeni Soft təkərlə trasa çıxan Lando Norris isə komanda yoldaşı Oskar Piastrinin tempinə cavab verə bilməyib. Avstraliyalı sürücü 1.12.387 zaman nəticəsi ilə Norrisi qabaqlayaraq, birinci olub.

Beləliklə, İspaniyada üçüncü sərbəst yürüşləri McLaren sürücüləri zirvədə bağlayıb.

İspaniya Qran Prisinin sıralanma turu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Rauf Hacıyev

Şərh əlavə et