Monakodakı yarışı necə daha maraqlı etmək barədə müzakirələr uzun müddət və müxtəlif səviyyələrdə davam edib və sonda FIA qaydaları dəyişdirərək, sürücülərin bu dəfə iki məcburi pit-stop etmələri tələbini qoyub. Bunu ən yaxşı şəkildə necə icra etmək barədə müzakirələr startdan əvvələ qədər davam edib, lakin atılan addımların yarışın nəticələrinə az təsir olub.
Şarl Lekler doğma yarışında məşqlərdə hamıdan sürətli olsa da, poul mübarizəsində trasın yeni mütləq rekordunu müəyyən edən Lando Norrisə uduzub. Üç sürücü cəzalandırılıb – Həmilton sıralanma turunda Ferstappenə mane olduğu üçün startda 3, Stroll iki qayda pozuntusuna görə ümumi 4, Berman isə cümə günü qırmızı bayraqlar zamanı ötmə etdiyi üçün 10 yer itirib.
Start düzümündə Norris və Lekler ilk, Piastri və Ferstappen ikinci, Hacar və Alonso isə üçüncü cərgəni tutublar. Pirelli İmoladan sonra bura da C4, C5 və C6 tərkiblərini gətirib. Başlanğıc üçün Tsunoda yumşaq, Norris, Lekler, Pasitri, Hacar, Okon, Louson, Elbon, Hülkenberq, Bortoleto, Qasli və Berman orta, qalanları isə sərt təkərləri seçib.
Startda Norris liderliyini qoruyub, Hülkenberq Tsunodanı qabaqlayıb. Bortoleto və Antonellinin mübarizəsi birincinin divara dəyməsi ilə nəcitələnib. Sürücü yoluna davam edə bilib, lakin qırıntıların təmizlənməsi üçün VTM rejimi elan olunub. Tsunoda, Qasli, Berman və Bortoleto dərhal təkər dəyişiblər. 3-cü dövrədə ilk onluq: Norris – Lekler – Piastri – Ferstappen – Hacar – Alonso – Həmilton – Okon – Louson – Elbon.
Restart dördüncü dövrədə verilib. Hamı öz yerində qalıb. Qasli Tsunoda ilə toqquşub və ön asılqanı qırılıb. Fransız sürücü maşını boksa çatdıırb və yarışı tərk edib. Hülkenberq 13-cü, Kolapinto 14-cü, Hacar 15-ci, Alonso və Okon 17-ci, Stroll və Berman 18-ci, Həmilton 19-cu, Norris isə 20-ci dövrədə təkərlərini dəyişiblər. Norrislə eyni dövrədə Hacar dərhal ikinci pit-stopunu da edərək bu “borcunu” tamamlayıb.
Piastri 21-ci dövrədə yeni təkərə keçərkən ləngidilib. Bir dövrə sonra Lekler pit yolundan onun önündə çıxıb. 28-ci dövrədə Bortoleto və Kolapinto, 29-cu dövrədə Ferstappen və Okon, 32-ci dövrədə Louson, 33-cü dövrədə isə Elbon pit-stop ediblər. 35-ci dövrədə ilk onluq: Norris – Lekler – Piastri – Ferstappen – Həmilton – Alonso – Hacar – Okon – Louson – Elbon.
Bortoleto 37-ci dövrədə yeni təkərlərə keçib, bir dövrə sonra isə Alonso maşının arxasından tüstü çıxdığı üçün kənara çəkilib və mübarizəni yarımçıq qoyub. Louson və Elbon 40-cı dövrədə daha bir pit-stop ediblər. 43-cü dövrədə Elbon komanda yoldaşı Saynsı önə buraxaraq sürəti azaldıb ki, arxadakıları ləngitsin və ona pit-stop pəncərəsi yarada bilsin. 45-ci dövrədə liderlə cəmi 5 sürücü eyni dövrədə olub, qalanları isə 1 dövrədən çox uduzublar.
49-cu dövrədə Piastri və Lekler, 50-ci dövrədə Saynü və Norris təkərlərini dəyişiblər. Rassell şikananı kəsərək Elbonu qabaqlayıb və yerini qaytarmadığı üçün ona pit yolundan keçmək cəzası verilib. Antonelli də Elbona qarşı eynisini edib, lakin yerini geri qaytarıb.
Rassell cəriməsini 55-ci dövrədə ödəyib. Həmilton 67-ci dövrədə son pit-stopunu edib, Rassell də məcburi eyni addımı atıb. Sayns Elbona yerini qaytarıb. Ferstappen pit-stopa tələsməyib. Arxasında olan Norris, Lekler və Piastri bir-birilərinə yaxın getsələr də, real ötmə şansı və səhv baş verməyib. Rassell ikinci pit-stopunu 71-ci dövrədə edib, Antonelli isə 72 və 74-cü dövrələrdə təkər dəyişib. Ferstappen isə yalnız 77 dövrəni tamamladıqdan sonra bu addımı atıb.
Lando Norris mövsümdə ikinci, karyerasında isə 6-cı qələbəsini qazanıb və çempionatda liderlə xal fərqini 3-ə salıb. Şarl Lekler ikinci, Oskar Piastri isə üçüncü olub. Maks Ferstappen finiş xəttini 4-cü keçib və ilk dördlük yarışın startındakından fərqlənməyib. Fernando Alonso bu yarışı da xalsız başa vurub. Ayzek Hacar isə altıncılıqla karyerasındakı ən yaxşı yarış nəticəsini əldə edib.
Mübarizə növbəti həftəsonu çətin Katalunya trasında davam edəcək…
Şərh əlavə et