Xəbəri Kokpitdə Oxuyun!

Red Bull-Ford güc qurğusu yenə ən yaxşı ola bilər

Red Bull-Ford-un güc qurğusu mövsümdə ikinci dəfə keçirilən ADUO qiymətləndirməsinin nəticələrinə əsasən yenidən ən yüksək göstəriciyə sahib hesab oluna bilər.

Monako Qran Prisi həftəsonu zamanı beş güc qurğusu istehsalçısı – Mercedes, Ferrari, Red Bull-Ford, Audi və Honda– FIA-dan daxiliyanma mühərriklərinin səmərəliliyinə dair ilkin qiymətləndirməni əks etdirən birsəhifəlik sənəd alıblar. Bu qiymətləndirmə ADUO proqramı çərçivəsində gələcək təkmilləşdirmələrin müəyyənləşdirilməsi üçün hazırlanıb.

ADUO proqramına əsasən, etalon göstəricidən geri qalan istehsalçılara fərqi azaltmaq məqsədilə əlavə investisiya və yeniləmələr həyata keçirmək imkanı verilir.

Yayın əvvəlində FIA ən güclü daxiliyanma mühərriyinin Red Bull-Ford-a məxsus olduğunu açıqlamışdı. Bu isə Milton-Kins təmsilçisi üçün gözlənilməz olmuşdu. Çünki komanda, əksinə, öz mühərriklərinin ən azı Mercedes-dən geri qaldığını düşündüyü üçün təkmilləşdirmə hüququ əldə edəcəyinə ümid edirdi.

Red Bull Racing-in əsas problemi ondan ibarətdir ki, ADUO qiymətləndirməsində yalnız daxiliyanma mühərriyinin göstəriciləri nəzərə alınır. Halbuki komandanın güc qurğusunun zəif tərəfi, görünür, batareya sistemidir.

Macarıstan Qran Prisindən sonra FIA ADUO proqramı çərçivəsində mövsümün ikinci güc qurğusu təhlilinə başlayıb. Komandaların nəticələri Niderland Qran Prisinədək alacağı gözlənilir və Red Bull Racing yenidən öz mühərriyinin ən yüksək qiymətləndirilən aqreqat olmasına hazırlanmalıdır.

GPBlog nəşrinin məlumatına görə, əvvəlki ADUO qiymətləndirməsindən sonra Mercedes güc qurğusunda bəzi dəyişikliklər edib. Lakin bu yeniliklər yalnız etibarlılığı artırmağa yönəlib. İddialara əsasən, Mercedes mühərriyin gücünü qəsdən artırmayıb ki, Red Bull-Ford-u qabaqlamasın və bununla da rəqiblərinə əlavə inkişaf hüququ qazandırmasın.

Bununla belə, Red Bull-un çoxsaylı irad və müzakirələrindən sonra FIA-nın bu dəfə fərqli qiymətləndirmə metodikasından istifadə edəcəyi də istisna edilmir.

Hər halda, FIA gələcəkdə ADUO qaydalarına dəyişiklik etməyi və qiymətləndirmə zamanı batareyanın göstəricilərini də nəzərə almağı planlaşdırır. Ancaq Formula 1 komandaları bu məsələ ilə bağlı hələ də ortaq mövqeyə gələ bilməyiblər.

Rauf Hacıyev

Şərh əlavə et