Federasiyanın ilkin qiymətləndirməsinə görə, Red Bull-un daxiliyanma mühərriyi hazırda Formula 1-də etalon hesab olunur. Bu isə o deməkdir ki, komanda cari mövsümdə güc qurğusunu təkmilləşdirmək hüququ əldə etmir. Ən diqqətçəkən məqam isə FIA hesablamalarına əsasən Mercedes mühərriyinin Red Bull-dan 2 faizdən çox geri qalmasıdır, halbuki 2026-cı ildə indiyədək keçirilən bütün yarışları məhz Mercedes qazanıb.
Bu nəticəyə görə Alman istehsalçısı bu mövsüm bir, gələn mövsüm isə daha bir yeniləmə etmək hüququ qazanıb. Bundan əlavə, Mercedes büdcə limitləri çərçivəsində əlavə 3 milyon dollar xərcləyə və stend testləri üçün əlavə saatlardan istifadə edə biləcək.
Red Bull isə ADUO mexanizmini Mercedes-lə aradakı fərqi azaltmaq üçün istifadə etməyi planlaşdırırdı. Buna görə də komanda hesablamaların metodikası və nəticələri barədə FIA-dan ətraflı izahat istəyib.
The Race-in məlumatına görə, FIA mövsümün ilk beş mərhələsinin məlumatlarını yenidən araşdırmağa və çıxarılan nəticələrin düzgünlüyünü bir daha yoxlamağa razılıq verib. Xüsusilə, federasiya bütün bolidlərdə quraşdırılmış güc sensorlarından əldə olunan məlumatları təkrar təhlil etməyi planlaşdırır. FIA mövsümün əvvəlindən daxiliyanma mühərriklərinin effektivliyini qiymətləndirmək üçün məhz bu sensorlardan istifadə edir.
Əlavə yoxlama aparılması Red Bull ilə bağlı nəticələrin dəyişdiriləcəyi anlamına gəlmir. Lakin FIA ilkin qiymətləndirmənin tam düzgün olduğuna əmin olmaq istəyir.
ADUO proqramı üzrə növbəti yoxlamalar Macarıstan və Meksika Qran-prilərindən sonra planlaşdırılıb.



Şərh əlavə et