Formula 1-də uzun illərdir böyük komandaların yaxtalar, velosipedlər və mühəndislik texnologiyaları kimi F1-dən kənar layihələrdə çalışan əməkdaşlarından bolidin inkişafı üçün yararlandığına dair şübhələr mövcuddur. Beləliklə, komandaların büdcə limitinə düşmədən avtomobilin təkmilləşdirilməsinə əlavə resurslar ayırdığı ehtimal edilir. Bu şübhələr FIA-nı daha radikal addımlar atmağa vadar edib.
The Race nəşrinin məlumatına görə, Ümumdünya Avtomoidman Şurasının təsdiqlədiyi və 2027-ci il qaydalarına əlavə olunan 12 səhifəlik yeni tələblər maliyyə qaydalarındakı boşluqlardan istifadəni demək olar ki, mümkünsüz edəcək.
FIA daha əvvəl TD45 texniki direktivini tətbiq edib və əməkdaşların maaşlarının Formula 1-ə verdikləri töhfəyə uyğun hissəsinin büdcə limitinə daxil edilməsini tələb edib. Lakin federasiya bununla kifayətlənməyib. Yeni qaydalar həm fiziki iş sahələrinin, həm də rəqəmsal infrastrukturun tam ayrılmasını nəzərdə tutur.
Qaydalara əsasən, komandalar bazalarını Formula 1 əməkdaşları ilə digər layihələrdə çalışan şəxslərin bir-biri ilə qarşılaşmayacağı şəkildə bölməlidirlər. F1 üçün nəzərdə tutulan ərazilərə giriş elektron sistemlərlə məhdudlaşdırılacaq və giriş-çıxış qeydləri FIA-nın yoxlamaları üçün üç il saxlanılacaq.
F1 və digər layihələrin əməkdaşlarına eyni ofis sahələrindən istifadə etmək qadağan ediləcək. Aerodinamik boru, simulyator və dinamometr kimi ortaq istifadə olunan texniki sahələrdə də iki qrupun eyni vaxtda işləməsinə icazə verilməyəcək.
Yeməkxana, dəhliz və avtomobil dayanacağı kimi ümumi sahələrdən birgə istifadə mümkün olacaq. Lakin bu ərazilərdə əsas mühəndislik işlərinin aparılması qadağan ediləcək.
Bundan əlavə, hər iki tərəfin informasiya texnologiyaları və mesajlaşma sistemləri bir-birindən tam ayrılacaq. Məlumatların ötürülməsinə yalnız Formula 1 bölməsindən kənar layihələrə doğru birtərəfli qaydada icazə veriləcək. Əks istiqamətdə, yəni digər layihələrdən F1 bölməsinə məlumat ötürülməsi isə tamamilə qadağan ediləcək.
Əməkdaşların keçidinə də məhdudiyyətlər qoyulacaq
İşçilərin bir bölmədən digərinə keçirilməsi və vəzifə dəyişiklikləri vasitəsilə qaydaların pozulmasının qarşısını almaq üçün də sərt tələblər hazırlanıb.
F1-dən kənar layihədə çalışan şəxs Formula 1 komandasına keçərsə, ən azı üç ay müddətində heç bir fəaliyyət göstərmədiyi gözləmə dövründən keçməlidir. Bundan sonra həmin şəxsdən F1 komandasında ardıcıl 12 ay işləmək öhdəliyi götürməsi tələb olunacaq.
Formula 1 bölməsindən xüsusi layihələrə keçirilən əməkdaşlar isə yeni e-poçt ünvanı və müqavilə ilə fəaliyyətlərini davam etdirə biləcəklər. Bununla belə, onların həmin ilə aid maaşları yenə də Formula 1-in büdcə limitinə daxil ediləcək.
Bəzi böyük komandaların müqavimətinə baxmayaraq qəbul edilən yeni qaydalar bir çox kollektivdən fabriklərinin mövcud quruluşunu və iş modelini əsaslı şəkildə dəyişməyi tələb edəcək.




Şərh əlavə et