Formula 1-də güc qurğularına dair qaydalardakı dəyişikliklər səbəbindən 2027-ci il mövsümü üçün qəbul edilən yarış məsafələrinin qısaldılması qərarı yalnız bir mövsümlə məhdudlaşacaq. FIA tərəfindən dərc olunan yenilənmiş reqlamentə əsasən, müvəqqəti tədbir kimi 290 kilometrə endirilən standart Qran Pri məsafəsi 2028-ci ildən etibarən ənənəvi uzunluğu olan 305 kilometrə qaytarılacaq.
Güc qurğularında daxiliyanma mühərriki ilə batareya arasındakı güc bölgüsünə yönələn tənqidlərdən sonra FIA və Formula 1 rəhbərliyi güc nisbətlərini yenidən tənzimləmək qərarına gəlib. 2026-cı il qaydalarında 50/50 nisbətində müəyyən edilən güc balansı 2027-ci ildə 58/42, 2028-ci ildə isə 60/40 nisbətinə dəyişdiriləcək.
Daxiliyanma mühərrikinin daha səmərəli istifadəsini nəzərdə tutan yeni sistem çərçivəsində güc hasilatını artırmaq məqsədilə icazə verilən yanacaq axını limiti də yüksəldilib. Bu dəyişiklik avtomobillərin yarış zamanı daha çox yanacaq sərf etməsinə imkan verəcək. Nəticədə, eyni məsafəni qət etmək üçün komandaların daha böyük yanacaq çənlərinə ehtiyac duyması gündəmə gəlib. Şassinin konstruksiyasında ciddi dəyişikliklər tələb edən bu yenilik komandalar üçün əlavə inkişaf xərcləri və texniki çətinliklər yaradacaqdı.
FIA bu texniki problemləri məhdudlaşdırmaq məqsədilə 2027-ci il mövsümündə yarış məsafəsini 305 kilometrdən 290 kilometrə endirmək qərarı vermişdi. Beləliklə, komandaların artan yanacaq tələbatını qarşılamaq üçün avtomobillərində dərhal köklü dəyişikliklər etməsinin qarşısı alınmışdı. Monako Qran Prisi isə 260 kilometrlik xüsusi yarış məsafəsi ilə bu qaydanın istisnası olaraq qalacaq.
Ümumdünya Avtoidman Şurasının (WMSC) son iclasından sonra dərc olunan 2027-ci il texniki reqlamentində 2028-ci il mövsümünə aid dəyişikliklər də artıq qüvvəyə minib. Reqlamentin müvafiq maddəsinə əsasən, daxiliyanma mühərrikinin güc payının 60 faizə çatdırılacağı və yanacaq axını limitinin yenidən artırılacağı 2028-ci ildən etibarən standart yarış məsafəsi yenidən 305 kilometr olacaq.
Beləliklə, 2027-ci ildə yarış məsafələrinin qısaldılmasının daimi həll yolu deyil, komandalara şassi və avtomobil dizaynı üzərində işləmək üçün əlavə vaxt qazandırmaq məqsədilə qəbul edilmiş müvəqqəti tədbir olduğu dəqiqləşib.
2028-ci ildə yarış məsafələri yenidən uzadıldıqda komandaların əlavə yanacaq yükünü avtomobillərin şassisinə necə inteqrasiya edəcəyi və bunun üçün hansı konstruktiv həllərdən istifadə edəcəyi isə hələlik məlum deyil.




Şərh əlavə et