Xəbəri Kokpitdə Oxuyun!

Texniki analiz: Red Bull-un əsas problemi

Güclü mühərriyinə baxmayaraq böyük turbo seçimi startlarda ciddi vaxt itkisinə səbəb olur və Maks Ferstappeni alışdığı üstünlüklərdən uzaq salır.

Red Bull komandası üçün 2026-cı il mövsümü kifayət qədər çətin keçir. Milton Kins mərkəzli komanda gözləntilərdən xeyli geri qalaraq Mühəndislər Kubokunda altıncı yerə qədər geriləyib.

Mövcud mənzərə kifayət qədər aydındır: Red Bull artıq “zirvə komandası” təsiri bağışlamır. Son illərdə baş verən mühüm ayrılıqlar kollektivin rəqabət qabiliyyətini ciddi şəkildə zəiflədib.

Statistika da bunu təsdiqləyir. Komanda sıralanma turlarında orta hesabla 0.97 saniyə geri qalır, yarış tempində isə Mercedes ilə fərq 1.26 saniyəyə qədər artır. Tarixi baxımdan RB22 son 11 ilin ən zəif Red Bull bolidi kimi önə çıxır.

2015-ci ildən bəri ən böyük geriləmə kimi qiymətləndirilən bu vəziyyət 2014-cü ildə hibrid dövrünün başlanğıcı ilə müqayisə olunur. Həmin vaxt əsas problem Renault mühərriyi idi, amma şassi hesabına fərqi müəyyən qədər kompensasiya etmək mümkün olurdu.

Hazırda isə maraqlı bir vəziyyət yaranıb: Red Bull-un əsas problemi mühərrik gücü deyil.

Əksinə, göstəricilər bu güc qurğusunun düzlüklərdə kifayət qədər rəqabətədavamlı olduğunu, bəzi yarışlarda hətta Ferrari-ni də üstələdiyini göstərir. Əsas çatışmazlıq döngələrdə performans və asfaltayatma qüvvəsinin azlığıdır.

Bununla belə, startlardakı böyük itkinin arxasında mühərriklə bağlı vacib detal dayanır: turbo seçimi.

Red Bull, Mercedes kimi daha böyük turbo istifadə edir. Lakin yeni qaydalara əsasən MGU-H sisteminin ləğvi bu seçimin mənfi tərəflərini daha qabarıq göstərib. Böyük turbo “turbo lag” – yəni qaz reaksiyasında gecikmə yaradır və bu da xüsusilə start anında ciddi itki deməkdir.

Bu təsir statistikalarda açıq görünür. Mövsümün ilk üç yarışında Ferrari mühərrikli bolidlər ilk dövrədə ümumilikdə 25 mövqe qazanıblar. Aston Martin (Honda mühərriyi ilə) 14 mövqe irəliləyib. Əvəzində Red Bull-Ford paketindən istifadə edən bolidlər 21 mövqe itiriblər.

Maraqlıdır ki, daha zəif hesab edilən Aston Martin-Honda paketi belə kiçik turbo sayəsində startlarda daha effektiv olub. Fernando Alonsonun da töhfəsi ilə bu bolid güclü startlar nümayiş etdirib.

Mercedes komandası ümumilikdə 8 mövqe qazanarkən, Audi 26 mövqe itkisi ilə ən zəif nəticəni göstərib.

Texniki baxımdan Red Bull-un daxili yanma mühərriyi performans baxımından Mercedes-ə yaxın olsa da, ADUO (inkişaf hüquqları) çərçivəsinə düşməmə ehtimalı bu problemin mövsüm boyu davam edə biləcəyini göstərir.

Bu isə xüsusilə güclü startları ilə tanınan Ferstappen üçün ciddi çatışmazlıq yaradır.

Rauf Hacıyev

Şərh əlavə et