Xəbəri Kokpitdə Oxuyun!

Fettel: Ferrari-də uğursuzluq qorxusu çox böyük idi

Sebastyan Fettel Ferrari-də keçirdiyi altı ili dəyərləndirib. Almaniyalı pilot komanda daxilində təzyiqin və uğursuzluq qorxusunun çox yüksək olduğunu bildirib. O, boksda italyan musiqilərinin səslənməsi üçün dinamik aldığını da açıqlayıb.

Sebastyan Fettel-in Ferrari karyerası Formula 1 tarixinin yarımçıq qalmış ən böyük hekayələrindən biri hesab olunur. 2015-ci ildə İtaliya komandasına qoşulan dördqat Dünya Çempionu altı mövsüm Ferrari üçün yarışsa da, komandanı yenidən zirvəyə qaytara bilməyib.

Almaniyalı pilot Ferrari ilə iki dəfə dünya çempionatını ikinci, bir dəfə isə üçüncü pillədə başa vurub. Komanda ilə ümumilikdə 14 qələbə qazanan Fettel Ferrari tarixində ən çox yarış qazanan pilotlar arasında Mixael Şumaxer və Niki Laudadan sonra üçüncü yerdədir.

Almaniyanın ARD telekanalında yayımlanan “Being Sebastian Vettel” sənədli filmində Fettel Ferrari-dəki dövrü ilə bağlı diqqətçəkən açıqlamalar verib. F1-Insider-in çatdırdığı fikirlərində pilot komandanın atmosferindən tutmuş 2020-ci ildə yaşadığı ayrılığa qədər bir çox məsələyə toxunub.

Ferrari qarajında italyan musiqiləri səsləndirmək istəyib

Fettelin fikrincə, Ferrari-də çatışmayan məqamlardan biri güclü təzyiq altında arxa plana keçən əyləncə hissi olub.

Almaniyalı pilot komanda daxilində keçirilən görüşlərin birində bu məsələni gündəmə gətirdiyini deyib: “Onlara dedim: ‘Gördüyümüz işə və sizin etdiklərinizə böyük hörmətlə yanaşıram. Amma gəldiyim yerlə müqayisə etdikdə burada nəyinsə çatışmadığını düşünürəm. Bu da əyləncədir’”.

Fettel bu fikrini həyata keçirmək üçün boksda italyan musiqilərinin səslənməsinə imkan verən dinamik alıb. Lakin onun bu təşəbbüsü əvvəlcə hamı tərəfindən qəbul edilməyib.

“Bilmirəm, dinamik hələ də oradadır, ya yox. Amma əvvəlcə ondan istifadə etmək qadağan idi”, – deyə Fettel bildirib.

Ferrari-dəki atmosferi də dəyərləndirən pilot komandanın üzərindəki gözləntilərin və təzyiqin bəzən işi çətinləşdirdiyini söyləyib: “Təzyiq və bütün bu gözləntilər fonunda uğursuzluq qorxusu çox böyük idi. Öz-özümə soruşurdum: ‘Yarış yaxşı keçməsə, bazar ertəsi nə olacaq? Hamı üzərimə gələcək?’ Bir təşkilat olaraq həddindən artıq tərəddüdlü və çəkingən davrandıq. Buna görə də fürsətləri əldən verdik”.

Sebastyan Fettelin Ferrari karyerası 2020-ci il mövsümündən sonra başa çatıb. İtaliya komandası almaniyalı pilotun müqaviləsini yeniləməyərək onun əvəzinə Karlos Saynsı heyətinə cəlb edib.

Fettel bu qərarın ona necə təsir etdiyini də açıqlayıb: “Həmin an müqaviləmin uğursuz olduğum üçün yenilənmədiyini başa düşdüm. Uzun müddət özümü günahlandırdım”.

Fettel Ferrari-də keçirdiyi altı mövsümdə çempionluq hədəfinə çata bilməyib. Buna baxmayaraq, qazandığı 14 qələbə ilə komanda tarixinin ən uğurlu pilotlarından biri olaraq qalıb.

Rauf Hacıyev

Şərh əlavə et