Xəbəri Kokpitdə Oxuyun!

B.Maylander: 1994-cü il hadisələri təhlükəsizliyi gücləndirdi

Əfsanəvi sürücü Bernd Maylander bildirib ki, 1994-cü ildə baş verən faciəvi hadisələr Formula 1-də müasir təhlükəsizlik sisteminin əsasını qoyub.

Uzun illərdir təhlükəsizlik avtomobilinin sürücüsü olan Maylander açıqlamasında qeyd edib ki, 1994-cü ilin San Marino Qran Prisi zamanı yaşanan hadisələrdən sonra bu sistem köklü şəkildə dəyişilib. Onun sözlərinə görə, 1990-cı illərdən əvvəl təhlükəsizlik strukturu indiki standartlara malik deyildi.

Bernd Maylander: “O dövrlərdə tibbi avtomobil və ambulanslar var idi, amma sistemin bugünkü kimi dəqiq və təşkil olunmuş formada işləmirdi.  Sid Vatkins isə artıq həmin vaxt bu sahədə mühüm rol oynayırdı”.

Almaniyalı sürücü vurğulayıb ki, 1994-cü ildən sonra hamı Sid Vatkinsin bu idmana verdiyi töhfələri daha yaxşı anlamağa başlayıb: “1993-cü ildən etibarən ciddi qəzalar baş verirdi və təhlükəsizlik getdikcə daha vacib hala gəlirdi”.

Onun sözlərinə görə, həmin dövrdə təhlükəsizlik və tibbi sahədə atılan addımlar həlledici olub: “Bu istiqamətdə ayrıca departament yaradıldı və bütün məsul şəxslərlə birlikdə sistem sürətlə inkişaf etdirildi”.

1994-cü ilin San Marino Qran Prisində Roland Ratzenberger və üçqat dünya çempionu Ayrton Senna dünyasını dəyişmişdi. Bu hadisələr 1982-ci ildən sonra Formula 1-də ilk ölüm halları kimi tarixə düşmüşdü.

Maylander bildirib ki, bu faciə təhlükəsizlik avtomobili sisteminin inkişafını da sürətləndirib: “O vaxt təhlükəsizlik avtomobili qaydalarda mövcud idi, lakin hər trasda fərqli maşınlar və fərqli sürücülər istifadə olunurdu.

Bu hadisədən sonra isə sabit sürücü konsepsiyasına keçildi. İlk olaraq bu rolu Oliver Qavin yerinə yetirdi”.

Daha sonra bu vəzifəni öz üzərinə götürən Maylander qeyd edib ki, bu dəyişiklik sistem üçün həlledici olub: “Daimi sürücünün olması işi tam peşəkar səviyyəyə qaldırdı. Həmçinin bütün traslarda eyni marka təhlükəsizlik avtomobillərinin və eyni tibbi avadanlıqların istifadəsi ilə vahid standart formalaşdırıldı”.

Nəticədə Formula 1-də təhlükəsizlik sistemi ciddi şəkildə inkişaf edib və 1994-cü ildə baş verən faciə bu dəyişikliklərin başlanğıc nöqtəsi kimi qəbul olunur.

Rauf Hacıyev

Şərh əlavə et