Komanda ilkin olaraq əsas yeniliyi Bəhreyn Qran Prisinə gətirməyi planlaşdırmışdı. Lakin Yaxın Şərqdəki münaqişələr səbəbilə Bəhreyn və Səudiyyə Ərəbistanı mərhələləri ləğv olunduğundan bu plan təxirə salınıb.
2026-cı il mövsümündə inkişaf yarışı əvvəlkindən daha kritik rol oynayır. Yeni texniki reqlamentin mürəkkəbliyi səbəbilə düzgün zamanda düzgün yenilikləri təqdim edən komandaların üstünlük qazanacağı gözlənilir.
Əksər kollektivlər yeni nəsil bolidləri tam anlamaq üçün aqressiv inkişafdan qaçdığı halda, Racing Bulls artıq aktiv yeniləmə mərhələsinə keçib.
Komanda ilk böyük yeniləik paketini 1–3 may tarixlərində keçiriləcək Mayami Qran Prisində təqdim edəcək. İkinci böyük paket isə 22–24 may tarixlərində baş tutacaq Kanada Qran Prisi üçün planlaşdırılıb.
Komandanın rəhbəri Alan Permeyn: “Bəhreyn üçün kifayət qədər yaxşı yeniliklər hazırlamışdıq, amma bunu Mayamidə görəcəyik. Monreal üçün də ayrıca paket planlaşdırmışıq, yəni qısa müddətdə iki böyük yeniləmə gətirəcəyik.
İkisini eyni vaxta çəkmək mümkün deyil. Monreal paketi daha tez hazır olmayacaq. Buna görə bir qədər qəribə vəziyyət yaranır: yeni və vacib yeniliklər gətirəcəyik, sonra isə qısa müddət ərzində onu demək olar ki, dəyişəcəyik. Təqvim bizi buna məcbur edir.
Yenilik proqramımız əslində əvvəlcədən planlaşdırılmışdı. Bəhreyn üçün hazırlanan paket sayəsində Mayamiyə daha çox detal gətirə biləcəyik”.
Mövsümün ilk üç yarışından sonra Racing Bulls Mühəndislər Kubokunda yeddinci yerdə qərarlaşıb və dördüncü pillədə olan Haas-dan cəmi 4 xal geri qalır.
Permeyn komandasının orta qrupda rəqabətədavamlı olacağına inanır: “Digər orta qrup komandaları ilə eyni səviyyədə qalacağımıza, hətta daha yaxşı nəticə göstərə biləcəyimizə inanıram.
Demək olar ki, hər yarışda kiçik addımlar atacağıq. Bundan əlavə, daha iki və ya üç böyük yeniləmə də planlaşdırmışıq. Mövsümün ortasına qədər dəqiq planımız var və bu qrupda qalacağımıza kifayət qədər əminik”.




Şərh əlavə et