Xəbəri Kokpitdə Oxuyun!

Red Bull-un mühərriyi meyar ola bilər

The Race-in məlumatına görə, Red Bull-un mühərriyi FIA tərəfindən meyar kimi seçilə bilər.

Formula 1-də hazırda diqqət Mayami Qran Prisi öncəsi qayda dəyişikliklərinə yönəlsə də, arxa planda daha böyük siyasi və texniki mübarizə gedir: mühərrik inkişaf hüquqları.

Bu müzakirənin mərkəzində FIA-nın Mayami yarışından sonra açıqlayacağı mühərrik performans reytinqi dayanır. Bu qiymətləndirmə hansı istehsalçıların geri qaldığını və mövsüm ərzində inkişaf hüququ qazanacağını müəyyən edəcək.

2026-cı il qaydaları ilə tətbiq edilən ADUO (Additional Design and Upgrade Opportunities) sistemi geri qalan mühərrik istehsalçılarına rəqiblərə çatmaq imkanı vermək məqsədi daşıyır.

Qaydalara əsasən, meyar alınmış mühərrikdən 2 faizdən çox geri qalan istehsalçılar 2026 və 2027-ci il mövsümləri üçün bir inkişaf hüququ əldə edəcək. Əgər fərq 4 faizi keçərsə, hər iki mövsüm üçün iki inkişaf hüququ veriləcək.

Paddokda ümumi fikir Mercedes mühərriyinin referans olacağı yönündədir. Lakin vəziyyət tam aydın deyil. Ferrari-nin göründüyündən daha güclü ola biləcəyi düşünülür, daha iddialı versiyaya görə isə FIA yalnız daxili yanma mühərriyini əsas götürərsə, ən güclü mühərriyin Red Bull-a məxsus ola biləcəyi deyilir.

Bəzi təhlillər göstərir ki, Red Bull-un mühərriyi əslində kifayət qədər güclüdür, lakin şassi və enerji idarəetməsi kimi faktorlar bu potensialı tam üzə çıxarmağa imkan vermir.

Əgər bu ssenari reallaşsa, nəzəri olaraq Mercedes belə 2 faiz həddindən kənarda qalaraq inkişaf hüququ əldə edə bilər.

Ferrari isə Mercedes-dən geri qaldığını açıq şəkildə etiraf edir. Komanda rəhbəri Frederik Vassyör güc çatışmazlığının dövrə başına təxminən 1 saniyə itkiyə səbəb olduğunu bildirib.

Hesablamalara görə Ferrari mühərriyi Mercedes-lə müqayisədə 15-30 at gücü daha zəifdir. Lakin bu fərqin hamısı birbaşa “zəif mühərrik” anlamına gəlmir. Ferrari bəzi dizayn seçimlərində şüurlu şəkildə gücdən imtina edib. Məsələn, daha çox asfaltayatma yaradan aqressiv qazburaxma qanadı dizaynı təxminən 10 kVt itkiyə səbəb olur.

Yəni Ferrari saf mühərrik gücündən çox ümumi bolid performansını optimallaşdırmağa üstünlük vermiş ola bilər.

FIA-nın qiymətləndirmə meyarlarını tam açıqlamaması təsadüfi deyil. Məqsəd komandaların sistemi manipulyasiya etməsinin qarşısını almaqdır. Mümkün ssenarilər arasında komandaların qəsdən mühərriyi aşağı performansda işlədərək “geri qalmış” kimi görünməsi, inkişaf hüququ qazandıqdan sonra birdən performansı artırması və ya liderlərin bilərəkdən tempi aşağı salaraq rəqiblərin bu hüququ əldə etməsinə mane olması kimi variantlar müzakirə olunur.

Bu səbəbdən FIA ölçmə metodlarını daim yeniləyərək istehsalçılardan bir addım öndə qalmağa çalışır.

Nəticə olaraq, Mayamidən sonra açıqlanacaq FIA qiymətləndirməsi 2026-cı il mövsümünün taleyini müəyyən edə bilər.

Ən maraqlı məqam isə budur: bu mübarizədə komandalar öndə olmaqdan çox, geri qalır kimi görünməyə çalışır. Çünki bu, mövsüm ərzində əlavə inkişaf imkanları deməkdir.

Rauf Hacıyev

Şərh əlavə et