Xəbəri Kokpitdə Oxuyun!

Niko Rosberq: VTM qaydaları dəyişdirilməlidir

Niko Rosberq Formula 1 paddokunda

Niko Rosberq VTM qaydalarının dəyişdirilməsini zəruri sayır və bu rejimdə pit-stopların verdiyi vaxt üstünlüyünü aradan qaldırmağı təklif edir.

2016-cı ilin dünya çempionu Niko Rosberq hesab edir ki, trasdakı insidentlərin yarışın taleyinə təsirini azaltmaq üçün Virtual Təhlükəsizlik Maşını (VTM) qaydalarına yenidən baxılmalıdır.

Niko Rosberq: “Madriddə VTM rejimi elan olunanda Lando Norrisin sadəcə bəxti gətirmədi. Təhlükəsizlik maşını trasa çıxanda və ya VTM rejimi elan ediləndə hər şey şəraitdən asılı olur. Ya bəxtiniz gətirir, ya da gətirmir. Belə halların baş verməsi həmişə çox pisdir. Lando qələbəyə layiq idi və yarışı yalnız təhlükəsizlik maşınına görə uduzması çox təəssüf doğurur.

Problem ondadır ki, maşınların təhlükəsizlik maşınının arxasında dövrə vurub durması heç kimin xoşuna gəlmir. Bu, avtoidmanda ən darıxdırıcı mənzərədir. Bunun qarşısını almaq üçün VTM rejimi tətbiq olundu. Təhlükə o qədər də böyük olmayanda bu rejim trasda sadəcə sürəti azaltmağa imkan verir.

Madriddə Strollun maşınını trasdan götürmək üçün cəmi bir neçə dəqiqə lazım idi. VTM sistemi bunu təhlükəsiz şəkildə etməyə kömək etdi, amma bu, onun mükəmməl olduğu demək deyil.

VTM qaydaları dəyişdirilməlidir. Ya VTM rejimi zamanı pit-leyn bağlı qalmalıdır ki, sürücülər vəziyyətdən öz xeyirlərinə istifadə edə bilməsinlər, ya da pit-leyndə sürət həddi xeyli aşağı salınmalıdır ki, adi yarış şəraitindəki pit-stopla müqayisədə vaxt fərqi yaranmasın”.

Gilənur Hüseynova

Şərh əlavə et