İtaliyanın Corriere della Sera qəzeti yeddiqat Dünya Çempionunun komanda rəhbəri Fred Vassyörə təzyiq göstərərək trasdakı əməliyyat heyətində köklü dəyişikliklər tələb etdiyini iddia etmişdi. Lakin britaniyalı sürücü sosial media hesabında paylaşım edərək bu məlumatları tamamilə təkzib edib.
Lyuis Həmilton: “Bəzi xəbərlərin yayıldığını gördüm və bu məsələyə aydınlıq gətirmək istəyirəm. Komandamda hər hansı bir şəxsin dəyişdirilməsini heç vaxt tələb etməmişəm.
Birlikdə çalışdığım hər kəs hər gün böyük fədakarlıqla mübarizə aparır. Bizi irəli aparan da məhz onların bu bağlılığıdır.
Həmişə birlikdə çalışdığım insanları gücləndirməyə, potensiallarının ən yüksək səviyyəsinə çatmalarına və ya ən azı daxilindəki ən yaxşı tərəfləri ortaya çıxarmaqlarına kömək etməyə çalışıram”.
İtaliya mətbuatında Həmiltonla komanda rəhbəri Fred Vassyör arasındakı münasibətlərin son dövrlərdə xeyli gərginləşdiyi də iddia olunmuşdu. Britaniyalı pilot bu iddialara birbaşa cavab verməsə də, komandaya olan inamının və dəstəyinin tam olduğunu vurğulayıb.
2026-cı il mövsümü Həmilton üçün trasda da kifayət qədər çətin keçir. İspaniya Qran Prisində yaşadığı əyləc problemi səbəbindən bu mövsüm ilk dəfə yarışı başa vura bilməyən pilot çempionatın lideri Andrea Kimi Antonellidən 101 xal geri düşüb.
Yarışdan kənarda qaldıqdan sonra çempionluq ümidlərinin tükəndiyini qəbul edən Həmilton bu mövsüm Mercedes və Antonellini dayandırmağın “mümkünsüz” olduğunu bildirmişdi.
Həmilton ümumi sıralamada 191 xalla üçüncü yerdə qərarlaşıb. O, komanda yoldaşı Şarl Lekleri 24 xal qabaqlayır.




Şərh əlavə et