Xəbəri Kokpitdə Oxuyun!

İddia: Audi Sleteri F1-ə hazırlayır

Formula 3 çempionatını ikinci yerdə başa vuran və 18 yaşını tamamlayan Freddi Sleter superlisenziya üçün tələb olunan xalları toplayaraq Audi-nin ehtiyat pilot seçimləri sırasına daxil olub.

Audi artıq Niko Hülkenberq və ya Qabriel Bortoleto hər hansı fövqəladə vəziyyət səbəbindən yarışa çıxa bilməsə, öz heyətindən istifadə edə biləcəyi perspektivli bir seçimə sahibdir.

Madrinqdə keçirilən çətin mövsüm finalından sonra Uqo Uqoçukvunun arxasında ikinci yeri tutan Sleter Formula 3 çempionluğunu cüzi fərqlə əldən verib. Ardıcıl aşağı formula seriyalarında titullar qazandıqdan sonra nəticə ilk baxışda geriləmə kimi görünsə də, bu, britaniyalı pilot üçün mühüm qapı açıb.

Çempionatdakı ikinciliyi sayəsində superlisenziya üçün lazımi xalları toplayan Sleter, bir neçə gün əvvəl 18 yaşını tamamlayaraq Formula 1-də yarışmaq üçün tələb olunan yaş həddinə də çatıb.

Bu iki amilin nəticəsində gənc istedadın Formula 1-də yarışmasının qarşısındakı bütün hüquqi maneələr aradan qalxıb. Bu vaxta qədər almaniyalı istehsalçının Sauber dövründə olduğu kimi, superlisenziyaya sahib hazır ehtiyat pilotu yox idi.

Audi indiyədək əsas pilotlarından biri yarışa çıxa bilmədikdə Alpine-dən Pol Aronun xidmətlərindən istifadə edirdi.

Bütün prosedurlar tamamlanmasına baxmayaraq, Sleterin yaxın zamanda Formula 1 bolidində yarışacağı hələ dəqiq deyil. Britaniyalı pilot indiyə qədər nə əvvəlki nəsil F1 bolidləri ilə keçirilən testlərdə iştirak edib, nə də cümə günü sərbəst yürüş təcrübəsi qazanıb.

Bundan əlavə, Formula 3-dən birbaşa Formula 1-ə keçid həm komandalar, həm də ekspertlər tərəfindən olduqca böyük sıçrayış kimi qiymətləndirilir.

GPBlog-un məlumatına görə, Audi rəhbərliyi potensialına inandığı Sleteri qarşıdakı aylarda Formula 1-ə hazırlamağı planlaşdırır. Lakin gənc pilotun bu mövsüm cümə günü sərbəst yürüş sessiyasına çıxıb-çıxmayacağı hələlik məlum deyil.

Rauf Hacıyev

Şərh əlavə et