Xəbəri Kokpitdə Oxuyun!

Audi F1 layihəsinə yeni rəhbər gətirib.

Formula 1-də debüt mövsümünün sonuna yaxınlaşan Audi layihənin rəhbərliyinə avtomobil sənayesində böyük təcrübəyə malik Tomas Furu gətirib.

Konstruktorlar Çempionatında səkkizinci yerdə qərarlaşan Audi ilk Formula 1 mövsümünü başa vurmağa hazırlaşarkən Neyburqda yerləşən mühərrik bölməsinin rəhbərliyini gücləndirib. Noyabrın 1-dən etibarən Audi Formula Racing-in yeni baş icraçı direktoru vəzifəsinə başlayacaq Tomas Fur Almaniya brendinin Formula 1 layihəsinin ümumi idarəçiliyinə cavabdeh olacaq.

2009–2012-ci illərdə Mercedes-AMG High Performance Powertrains şirkətində baş direktor vəzifəsini tutan Fur mühəndislik və idarəetmə sahəsində 30 ildən artıq təcrübəsini komandaya gətirəcək.

Bu təyinat sayəsində indiyədək vəzifənin məsuliyyətlərini bölüşən texniki direktor Stefan Dreyer bütün diqqətini güc qurğusunun texniki inkişafına yönəldə biləcək. Əməliyyatlar üzrə direktor Kristian Foyer isə müəssisənin gündəlik fəaliyyətini idarə etməyə davam edəcək.

Mattia Binotto təyinatla bağlı belə danışıb: “Neyburqda möhkəm təməl qurmuşuq və Audi-nin ilk Formula 1 güc qurğusunu sıfırdan hazırlamışıq.

Tomas həm texniki çətinlikləri, həm də yüksək performanslı komandalar qurmaq və idarə etmək üçün nələrin tələb olunduğunu çox yaxşı bilir. Komandanı və təşkilati strukturu daha da inkişaf etdirərək bizi Formula 1-in ən yaxşı istehsalçısına çevirmək yolunda mühüm rol oynayacağına inanıram. Onun komandamıza qoşulmasını səbirsizliklə gözləyirəm”.

Yeni təyin olunan Tomas Fur isə açıqlamasında bunları deyib: “Audi-nin Formula 1 layihəsinə qoşulmaqdan qürur duyuram. Brendin bu idman növündəki gələcəyinin formalaşmasına töhfə vermək imkanından çox həyəcanlıyam.

Neyburqdakı komanda tamamilə yeni güc qurğusu hazırlayıb və onu trasda sınaqdan keçirməyi bacarıb.

Məqsədim komanda daxilindəki mütəxəssislərin bilik və bacarıqlarını bir araya gətirərək ən yüksək səviyyədə rəqabət aparmaq üçün lazımi şəraiti yaratmaq və indiyədək görülən işləri daha da irəli aparmaqdır”.

Rauf Hacıyev

Şərh əlavə et