Xəbəri Kokpitdə Oxuyun!

Antonelli 12 nömrə ilə yarışmağa davam edəcək

2026-cı il Formula 1 mövsümündə çempionluğa ən yaxın pilot olan Kimi Antonelli gələn mövsüm Dünya Çempionlarına verilən 1 nömrə əvəzinə, hazırkı 12 nömrəsi ilə yarışmağı planlaşdırır.

Mercedes pilotunun Meksika Qran Prisində dünya çempionluğunu təmin etmək şansı var. Bununla belə, Antonelli hələ titul qazanmadığını xatırladaraq hazırda əsas məqsədinin mövsümü başa vurmaq olduğunu bildirib.

İsveçrənin Blick qəzetinə danışan italiyalı pilot çempion olsa belə, hazırkı yarış nömrəsi olan 12-dən istifadə etməyə davam edəcəyini deyib: “Əvvəlcə Meksikada işimizi bitirməliyik. Amma buna nail olsaq belə, düşünürəm ki, 12 nömrə ilə yarışmağa davam edəcəyəm”.

Həmilton və Ferstappen fərqli seçimlər ediblər

Antonellinin bu qərarı Lyuis Həmiltonun yanaşmasını xatırladır. Həmilton 2008-ci ildə McLaren ilə ilk dünya çempionluğunu qazandıqdan sonra 2009-cu il mövsümündə 1 nömrə ilə yarışıb. Sonrakı çempionluqlarından sonra isə karyerası ilə eyniləşən 44 nömrəyə üstünlük verib.

Niko Rosberqin 2016-cı ildə çempion olmasından sonra Formula 1-də 1 nömrədən bir müddət istifadə edilməyib. Titulu qazandıqdan sonra karyerasını başa vuran Rosberqin yerinə bu nömrəni götürən pilot olmayıb. Nəticədə 1 nömrə 2022-ci ildə Maks Ferstappenin çempionluğu ilə yenidən trasa qayıdıb.

Ferstappen çempionluqlarından sonra da 1 nömrədən istifadə etməyə davam edib. Lando Norris də ötən il Dünya Çempionu olduqdan sonra növbəti mövsümdə 1 nömrə ilə yarışmağı seçib.

Rauf Hacıyev

Şərh əlavə et