Pirelli 2011-ci ildən Formula 1-in eksklüziv təkər təchizatçısıdır. Şirkətlə müqavilə 2023-cü ildə 2025–2027-ci illər üçün uzadılıb. Ötən ilin iyulunda isə FIA müqavilədəki seçim hüququndan istifadə edərək əməkdaşlığı daha bir mövsüm uzadıb. Beləliklə, Formula 1 ən azı 2028-ci ilin sonunadək Pirelli təkərlərindən istifadə edəcək.
Bəs 2028-ci ildən sonra nə baş verəcək? Müqavilə yalnız təkərlərin təchizatını deyil, həm də sponsorluq öhdəliklərini əhatə edir. Təchizatçı FIA-nın elan etdiyi tender vasitəsilə seçilir. Əvvəlki tenderdə Pirelli-nin təklifi daha inandırıcı hesab olunsa da, Bridgestone da müraciət etmişdi.
FIA-nın növbəti tenderi 2027-ci ildə elan edəcəyi gözlənilir. RacingNews365-in məlumatına görə, Bridgestone bu dəfə daha güclü texnoloji, biznes və kommersiya təklifi ilə Formula 1-ə qayıtmağa hazırlaşır.
Tenderdə Hankook şirkətinin də iştirak edəcəyi ehtimal olunur. Bridgestone-dan fərqli olaraq, Hankook indiyədək Formula 1 üçün təkər təchiz etməyib. Bridgestone isə 1997-2010-cu illərdə Formula 1-i təkərlə təmin edib.

Şərh əlavə et