Red Bull tərəfindən təşkil olunan tədbirdə kontent yaradıcıları, idmançılar və ümumilikdə avtoidman həvəskarlarından ibarət 100 kartinq sürücüsü iştirak edib. Ferstappen bütün rəqiblərini cəmi 14 dövrəyə, yəni 37 dəqiqəyə geridə qoymağı bacarıb.
Tədbir Silverstounda xüsusi hazırlanmış trasda keçirilib. Ferstappenin vəzifəsi start cərgəsinin ən arxasından başlayaraq 30 dövrə ərzində 100 rəqibinin hamısını keçmək idi. Sürücü geridə qaldığı anda yarışdan kənarlaşdırılırdı.
Bütün iştirakçılara eyni kartlar verilsə də, həvəskar sürücülər yarışın ilk yarısında “qısa dövrə” üstünlüyünə sahib idilər. Bu xüsusiyyət onlara trasın daha qısa hissəsindən istifadə edərək Ferstappenlə aralarındakı məsafəni artırmağa imkan verirdi.
Lakin Ferstappenin mübarizəni başa çatdırmaqda çətinlik çəkməyəcəyi çox qısa müddətdə məlum olub. Niderlandlı pilot ilk dövrədə tam 64 kartinq avtomobilini keçərək yaranmış xaosun arasından sanki süzülüb keçib.
“Start cərgəsindəki yerimə getdiyim zaman haradan başlayacağımı gördüm və düşündüm ki, ‘Of, xeyli geridəyəm’. Amma ilk dövrədən sonra öz-özümə dedim: ‘Deyəsən, problem yoxdur, vəziyyətimiz yaxşıdır”, – deyə Ferstappen bildirib.
Ferstappen dördüncü dövrənin sonunda 75 sürücünü geridə qoymuşdu. Növbəti dövrədə isə bu rəqəm 84-ə yüksəldi. Bu performans, peşəkar pilotların deyil, həvəskarların iştirak etdiyi yarış olması istisna olmaqla, Ferstappenin 2024-cü il Braziliya Qran Prisindəki yaddaqalan geri dönüşünü xatırladırdı.
Ferstappen bir məqamda radio vasitəsilə əlaqə saxlaya bildiyi rəqiblərindən birinə “Sənin üçün gəlirəm!” deyib.
Niderlandlı sürücü sürətini azaltmadan mübarizəni davam etdirib və yeddinci dövrədə artıq ilk dörd pilləyə yüksəlib. Bundan sonra trasdakı xaos təbii olaraq azalmağa başlayıb. Çünki Ferstappen qarşısında qalan son bir neçə rəqibi də bir-birlikdə geridə qoyurdu.
Təşkilatçılar mübarizəni uzatmaq üçün həvəskar sürücülərə daha bir “qısa dövrə” hüququ veriblər. Buna baxmayaraq, Ferstappen kontent yaradıcısı Zak Alsop, jurnalist Ceki Martens və Red Bull əməkdaşı Lyuis Oslerdən ibarət ilk üçlüyə sürətlə yaxınlaşıb.
Ferstappen son üç rəqibini də təsirli şəkildə keçib. Əvvəlcə Alsop və Osleri sondan əvvəlki döngədə daxili trayektoriyadan etdiyi hücumla eyni anda geridə qoyub. Daha sonra son döngədə Martensə qarşı oxşar manevr edərək mübarizəni başa çatdırıb.
Yarışdan sonra Ferstappen bunları deyib: “İlk dövrə tamamilə xaos idi və məqsədim sadəcə sağ qalmaqdan ibarət idi. Təbii ki, daha sonra bu, onları ovlamağa çevrildi və bu, olduqca əyləncəli idi”.
Qeyd edək ki, yarışda Azərbaycandan Nuri Əmiraslan da iştirak edib. Yerlimiz yekun protokolda 67-ci yeri tutub.




Şərh əlavə et