Rodriqes Qardaşları trasının məşhur stadion hissəsində baş verən insidentlə bağlı araşdırmanı tamamlayan FIA stüardları qərarını açıqlayıb. Cümə günü keçirilən sərbəst yürüşdə 12-ci və 13-cü döngələr arasında yanaşı hərəkət edən, daha sonra isə təmas yaşayan Ferstappen və Louson yarışa startda bir yer itirməklə başlayacaqlar. Hər iki pilotun superlisenziyasına bir cərimə xalı da əlavə edilib.
Stüardlar insidenti sessiyadan əvvəl komanda rəhbərləri ilə keçirilən görüşdə verilən xəbərdarlıqlara baxmayaraq baş verdiyi üçün qəbuledilməz adlandırıblar. Onlar cəzanın sərbəst yürüşlərdə oxşar hadisələrin qarşısını almaq məqsədi daşıdığını bildiriblər.
Stüardların açıqlamasında deyilir: “Hadisə baş verən zaman 3 nömrəli bolidin (Ferstappen) pilotu sürətli dövrəyə hazırlaşır, 30 nömrəli bolidin (Louson) pilotu isə soyutma dövrəsini tamamlayırdı.
Hər iki pilot, xüsusilə də həmin günün əvvəlində keçirilən görüşlərdə verilən xəbərdarlıqlara baxmayaraq, stüardların qəbuledilməz hesab etdiyi şəkildə davranıb.
Bu mövsüm sərbəst yürüşlərdə oxşar hadisələrin yaşandığını nəzərə alaraq, verilən xəbərdarlıqlara uyğun olaraq və əvvəlki illərdəki məşq sessiyalarında baş vermiş təmaslarla ardıcıllığı qorumaq məqsədilə stüardlar cəzanı rəsmi xəbərdarlıq səviyyəsindən start mövqeyi cəzasına qədər artırmaq qərarına gəliblər”.




Şərh əlavə et