Xəbəri Kokpitdə Oxuyun!

Audi-yə 7500 avro cərimə verilib

Audi Meksika Qran Prisinin ilk sərbəst yürüşündə Freddi Sleterin bolidini soyutma ventilyatoru üzərində qaldığı halda trasa buraxdığı üçün 7 500 avro cərimə ödəyəcək.

Audi-nin gənc pilotlarından Freddi Sleter karyerasında mühüm addım ataraq ilk dəfə Formula 1 sərbəst yürüşündə iştirak edib.

Gənc britaniyalı pilot Meksika Qran Prisinin ilk bir saatlıq məşq sessiyasında Qabriel Bortoletonun R26 bolidini idarə edib. Audi gənc pilot akademiyasının ilk üzvünü Formula 1-ə hazırlamağa davam edərkən Sleter gələn həftəsonu Braziliyada da yenidən sükan arxasına keçəcək.

Lakin Sleterin ilk sərbəst yürüş təcrübəsi heç də problemsiz başlamayıb.

Sessiyanın yarısı geridə qaldıqdan sonra trasa çıxa bilən gənc pilot qısa müddət ərzində pitə çağırılıb. Buna səbəb R26-nın yan hava girişində soyutma ventilyatorunun unudulması olub.

Hadisə əvvəlcə FIA stüardlarının diqqətini çəkib, daha sonra sessiyadan sonra rəsmi araşdırmaya başlanılıb.

FIA stüardları qərarlarını açıqlayarkən 2026-cı il mövsümünün açılış yarışı olan Avstraliya Qran Prisində yaşanan oxşar hadisəni də xatırladıblar.

Həmin yarışda Mercedes Kimi Antonellinin bolidini üzərində iki soyutma ventilyatoru olduğu halda trasa buraxmışdı. Ventilyatorların hər ikisi boliddən düşmüş, onlardan birinə isə Lando Norrisin bolidinə dəymişdi. Mercedes də Avstraliyadakı insidentə görə Audi ilə eyni məbləğdə – 7 500 avro cərimələnmişdi.

Stüardların qərarında deyilir: “Komanda nümayəndəsini dinlədik və video sübutları araşdırdıq.

Komanda nümayəndəsi soyutma ventilyatorunun hələ də bolidə bərkidilmiş vəziyyətdə olduğunu gördükdən sonra dövrəni tamamlamağın təhlükəsiz olub-olmadığını öyrənmək üçün mühəndislərlə məsləhətləşdiyini və onlardan bunun təhlükəsiz olduğu cavabını aldığını bildirdi. Daha sonra komanda pilota pitə qayıtmağı tapşırdı. Pilotun isə problemdən xəbərdar olmadığı təsdiqləndi.

Ventilyator boliddən düşməsə də, bu il Avstraliyada baş verən hadisədə olduğu kimi, onun düşmə ehtimalı mövcud idi.

Bu səbəbdən Avstraliyada 12 nömrəli bolidə tətbiq edilən cəzaya bənzər sanksiya tətbiq edildi”.

Rauf Hacıyev

Şərh əlavə et