Mövsümə son dərəcə çətin başlayan Aston Martin, Macarıstan Qran Prisindən dərhal sonra Hunqarorinqdə qalaraq mövsümün ikinci çəkiliş gününü keçirib. Alpine və Audi diqqətlərini Pirelli-nin 2027-ci il təkər sınaqlarına yönəltdiyi vaxtda, Aston Martin sponsor çəkilişləri üçün ayrılan 200 kilometrlik limiti tamamilə texniki yeniliklərin sınağına sərf edib.
Son illərdə komandaların kommersiya çəkiliş günlərindən yeni detalların yoxlanılması üçün istifadə etməsi ənənəsinə qoşulan Silverstoun təmsilçisi ötən həftəsonu Ədrian Nyuinin hazırladığı yenilənmiş AMR26 paketini ilk dəfə yarış şəraitində sınamışdı.
Fernando Alonsonun sıralanma turunda Q2-yə yüksəldiyi, Ləns Strollun isə yarışda orta qrupda mübarizə apardığı həmin yeniləmələrdən sonra əsas yenilik çərşənbə günü keçirilən çəkiliş günündə tətbiq olunub.
Bu mühüm testdə Aston Martin sükanı komandanın ehtiyat pilotu, amerikalı Cek Krouforda həvalə edib. Sınağın əsas məqsədi isə ADUO proqramı çərçivəsində hazırlanmış yeni Honda RA626H güc qurğusunun qiymətləndirilməsi olub.
Test təkərləri ilə həyata keçirilən yürüşlər zamanı Honda mühəndisləri və Aston Martin-in texniki heyəti həftəsonu əldə olunan yarış məlumatlarını yeni mühərrik parametrləri ilə birbaşa müqayisə etmək imkanı qazanıb.
Məlumata görə, Sakuradakı mühərrik sınaq mərkəzində dözümlülük testlərini uğurla keçən yeni Honda güc qurğusu trasda da ilk müsbət nəticələrini göstərib.
Bildirilir ki, mövsümün əvvəlindən komandanın əsas problemlərindən biri olan və performansa ciddi təsir göstərən mühərrik vibrasiyaları böyük ölçüdə aradan qaldırılıb.
FIA-nın təsdiqlədiyi yeni komponentlər və aparılan yeniləmələr sayəsində Zandfort mərhələsində bolidin təxminən 30 at gücü əlavə qüvvə qazanacağı gözlənilir.
Bu artım Mercedes, McLaren, Ferrari və Red Bull ilə qələbə uğrunda mübarizə aparmaq üçün hələlik kifayət etməsə də, Alonso və Strollun müntəzəm olaraq xal zonasında finiş görməsi baxımından mühüm addım hesab olunur.
Həm yeni aerodinamik paket, həm də yenilənmiş Honda güc qurğusu ilk dəfə tam şəkildə Zandfort Qran Prisində rəsmi yarış həftəsonunda istifadə olunacaq.




Şərh əlavə et