Motorsport.com-un əldə etdiyi məlumata görə, həm Formula 1, həm də MotoGP-nin kommersiya hüquqlarına sahib olan Liberty Media, oktyabr ayının sonunda COTA (Circuit of the Americas) trasında keçiriləcək ABŞ Qran Prisi çərçivəsində MotoGP motosikletlərinin nümayiş yürüşü etməsi variantını dəyərləndirir.
Plana əsasən, MotoGP motosikletləri Formula 1 həftəsonunun müəyyən hissəsində nümayiş yürüşü keçirəcək və Ostinə toplaşan azarkeşlər seriyanı yaxından görmək imkanı əldə edəcəklər.
Lakin tədbir Filip Aylenddə keçiriləcək Avstraliya MotoGP mərhələsi ilə eyni tarixə təsadüf etdiyindən, hazırkı MotoGP sürücülərinin bu nümayişdə iştirak etməsi mümkün olmayacaq.
Buna görə də nümayiş yürüşündə hazırkı MotoGP pilotları əvəzinə, indiki və ya əvvəlki nəsil MotoGP prototipləri əsasında hazırlanmış, tam işlək vəziyyətdə olan MotoGP Show Bike motosikletlərindən istifadə edilməsi planlaşdırılır.
İlkin layihəyə əsasən, hər istehsalçını və ya komandanı təmsil edən keçmiş MotoGP sürücülərinin bu motosikletləri idarə etməsi nəzərdə tutulurdu. Bununla belə, bu məsələ ilə bağlı yekun qərar hələ verilməyib.
MotoGP-nin kommersiya və marketinq fəaliyyətlərinə cavabdeh olan MotoGP Sports Entertainment Group (MotoGP SEG) bu təşəbbüsə istehsalçıların münasibətini öyrənmək üçün danışıqlara başlayıb. Layihə MotoGP-nin ABŞ bazarında mövqeyini gücləndirmək strategiyasının mühüm hissəsi hesab olunur.
Hazırda həllini gözləyən əsas məsələlərdən biri motosikletlərin və onlara xidmət göstərəcək texniki heyətin daşınması ilə bağlı logistika xərclərinin kim tərəfindən qarşılanacağıdır.
Bu günə qədər komandalar tanıtım tədbirlərində əsasən MotoGP rənglərinə boyanmış seriya istehsalı motosikletlərdən istifadə edirdilər. Lakin çempionat təşkilatçısı ilə komandalar arasında imzalanan yeni razılaşmalara əsasən, hər iştirakçının bu cür tədbirlərdə istifadə oluna biləcək tam işlək vəziyyətdə olan MotoGP prototipini hazır saxlaması artıq məcburi şərtlərdən biridir.
MotoGP SEG və istehsalçılar layihənin detallarını müzakirə etməyə davam etsələr də, hər iki tərəf bu təşəbbüsü MotoGP-nin ən vacib hədəf bazarlarından biri olan ABŞ-da azarkeş kütləsini genişləndirmək üçün mühüm fürsət kimi qiymətləndirir.




Şərh əlavə et