ADUO sistemi istehsalçılara mövsüm ərzində homologasiya olunmuş mühərriklərini yenidən açaraq inkişaf etdirmək üçün əlavə imkanlar verən bir növ “balans mexanizmi” kimi hazırlanıb. İstehsalçılar mövsüm ərzində bir və ya iki inkişaf hüququ qazana bilirlər.
2026-cı il mühərriklərinin performans qiymətləndirilməsi əsasən daxiliyanma mühərriyinin (ICE) göstəricilərinə fokuslanıb. Bu qiymətləndirmənin nəticələrinə əsasən, Red Bull Powertrains ən yüksək performans nümayiş etdirən istehsalçı olub.
Bu nəticə Red Bull-un mühərrik layihəsinin nisbətən yeni olmasına baxmayaraq, Audi, Mercedes, Honda və Ferrari kimi nəhəng istehsalçılarla rəqabətdə önə çıxması baxımından diqqətçəkici hesab edilir.
Mərhum Dietrix Mateşiçin vizyonu əsasında yaradılan və keçmiş Red Bull rəhbəri Kristian Hornerin rəhbərliyi altında qurulan Red Bull Powertrains bölməsi, Hondanın 2022-ci ildə Formula 1-dən ayrılmasından sonra Milton Kinsdə fəaliyyətə başlayıb. Texniki direktor Ben Hockinson DM01 güc qurğusunun 2026-cı il reqlamentinə uyğun hazırlanmasında əsas fiqurlardan biri hesab olunur.
Məlumata görə, Mercedes ikinci ən güclü mühərrik istehsalçısı olsa da, Red Bull Powertrains-dən təxminən 2 faizdən çox geri qalır. Bu səbəbdən Almaniya təmsilçisinə bir inkişaf hüququ veriləcək.
Ferrari pilotu Lyuis Həmilton da Monako Qran-prisindən sonra ADUO sistemi barədə danışarkən bu məlumatları dolayı yolla təsdiqləyib: “Düşünürəm ki, Red Bull-un ən güclü mühərriyə sahib olduğu, Mercedes-in ikinci yerdə qərarlaşdığı və bizim geridə qaldığımız barədə xəbər ya dünən, ya da bu gün yayıldı. Buna görə də indi inkişaf etməyə və fərqi azaltmağa çalışacağıq”.
Audi isə ən azı bir ADUO inkişaf hüququ əldə etdiyini təsdiqləyib və bunun gözlənilən nəticə olduğunu bildirib.
Şirkətin açıqlamasında deyilir: “Şassi tərəfində yaxşı performans göstəririk, lakin ən böyük fərq mühərrik sahəsindədir. Bu, təəccüblü deyil, çünki bu, Formula 1 üçün hazırladığımız ilk güc qurğusudur”.




Şərh əlavə et