Xəbəri Kokpitdə Oxuyun!

FIA cümə axşamı Alpine-nin şikayətini nəzərdən keçirəcək

Monako Qran Prisinin finişindən sonra Alpine apellyasiya hüququndan istifadə edərək yarış zamanı pit-leyndə sürət həddini aşdığına görə Pyer Qasliyə verilmiş iki cəzanın yenidən nəzərdən keçirilməsi üçün FIA-ya müraciət edib.

Kokpit.az xatərladır ki, Pyer Qasli yarışı üçüncü yerdə başa vurub, lakin nəticəsinə iki 5 saniyəlik cəza əlavə edildikdən sonra yekun protokolda yeddinci yerə geriləyib.

Federasiya dünən təsdiqləyib ki, Alpine-in müraciəti üzrə ilk dinləmə iyunun 11-də, cümə axşamı Barselonada keçiriləcək. İclas yerli vaxtla saat 13:00-da başlayacaq.

Bu dinləmədə FIA komandanın stüardlar tərəfindən ilkin araşdırma zamanı mövcud olmayan əhəmiyyətli və vacib yeni məlumatlar təqdim edib-etmədiyini qiymətləndirəcək. Yalnız bu məlumatlar kifayət qədər mühüm hesab olunarsa, ikinci iclas təyin ediləcək və Alpine-in müraciətinə mahiyyəti üzrə baxılacaq.

Əgər federasiya yeni məlumatların təqdim olunmadığı qənaətinə gəlsə, müraciət rədd ediləcək və Qasliyə verilmiş cəzalar qüvvədə qalacaq.

Gilanur Huseynova

Şərh əlavə et