Maks Ferstappen şənbə günü keçirilən sıralama turunda ikinci yeri tutsa da, bazargünkü yarışı demək olar ki, başlamadan başa çatıb.
Niderlandlı pilot formasiya dövrəsində bəzi anormallıqlar hiss etməyə başlayıb, daha sonra isə start proseduru zamanı mühərriyin dövrlərini ideal iş diapazonunda saxlamaqda çətinlik çəkib. Ferstappen start zamanı bolidi işə sala bilməyib və ilk dövrənin sonunda boksa qayıdaraq mübarizəni dayandırıb.
Jurnalistlərə açıqlama verən Red Bull-un komanda rəhbəri Loran Mekis Monako Qran Prisinin startında yaşanan problemin mühərriklə əlaqəli olduğunu təsdiqləyib. O, həmçinin komandanın Monako həftəsonundan sonra güc qurğusunu dəyişdirməyi onsuz da planlaşdırdığını bildirib.
Loren Mekis: “Problemin nə olduğunu müəyyən etdik. Bu problem formasiya dövrəsində ortaya çıxdı və nə bizə nə də Maksa hər hansı şans verdi. Vəziyyət bundan ibarətdir.
Bildiyiniz kimi, bu, həm də Maksın bu mövsüm istifadə etdiyi ilk güc qurğusu idi və onsuz da Monakodan sonra dəyişdirilməsi planlaşdırılırdı.
Əlbəttə, istədiyimiz şey bu deyildi. Monakoda bu performans səviyyəsinə çatmaq üçün Maksın və komandanın gördüyü iş möhtəşəm idi. Buna görə də ondan üzr istəməkdən başqa edə biləcəyimiz bir şey yoxdur.
Problemi necə həll edəcəyimizi müzakirə etmək üçün hələ tez ola bilər. Lakin problemin mənbəyini müəyyən etdiyimizi düşünürük”.
Red Bull üçün həftəsonunun ən müsbət tərəfi isə bolidin Monakoda nümayiş etdirdiyi rəqabətədavamlı performans olub.
Həftəsonunu dəyərləndirən Mekis əlavə edib: “Maks cümə günü çox sürətli idi. Boliddən bir qədər də artıq performans əldə etməyə çalışdıq, lakin üçüncü sərbəst yürüş sessiyasında buna nail ola bilmədik. Buna görə də fərqli optimal sazlama nöqtəsi tapmalı olduq.
Mühəndislər və komanda yeni optimal sazlama nöqtəsini tapmaqda əla iş gördülər. Böyük ehtimalla, bu sazlanmalar cüməgünkü variantdan da daha yaxşı idi, ən azı sıralanma turu baxımından.
Yarışda bunun necə nəticə verəcəyini isə heç vaxt öyrənə bilməyəcəyik. Açığı, yaşadığımız problemlərin miqyasına görə bunu Ayzek Hacar üçün də qiymətləndirmək mümkün deyil”.




Şərh əlavə et