Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Dua etdim

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Monako Qran Prisinin startında yaşadığı nasazlıq zamanı digər bolidlərin ona çırpılmaması üçün dua edib.

Monako Qran Prisinə poulun sahibi Kimi Antonelli ilə birlikdə ilk cərgədən başlayan niderlandlı sürücü start zamanı mühərrik nasazlığı ilə üzləşib. Bolid qəfil güc itirdiyi üçün niderlandlı pilot arxadan sürətlə yaxınlaşan rəqiblərin arasında müdafiəsiz vəziyyətdə qalıb.

Xoşbəxtlikdən Ferstappen bolidi trasın sol tərəfinə yönəltməyi bacarıb və ilk dövrənin sonunda yarışı tərk edərkən heç bir digər bolidlə təmas yaşamayıb.

Hadisəni şərh edən Maks Ferstappen deyib: “Mühərriyin dövrləri davamlı olaraq aşağı-yuxarı dəyişirdi və muftaya basdığım anda mühərrik tamamilə boğuldu.

Heç bir gücüm yox idi. Buna görə də təkərlərin hərəkətindən istifadə edərək bolidi sola yönəltdim. Həmin anda hamının sağ tərəfə keçməsi üçün dua edirdim və xoşbəxtlikdən hamı kifayət qədər tez reaksiya verdi.

Əgər çempionatın lideri olsaydım, bu, çox ağır zərbə olardı. Lakin indiki vəziyyətdə də əsəbiləşdirici və məyusedicidir. Çünki hər bir pilot bütün yarışları finişə çatdırmaq istəyir. Ümid edirəm ki, problemin səbəbini tezliklə müəyyənləşdirəcəyik və onu aradan qaldıracağıq”.

Rauf Hacıyev

Şərh əlavə et