Kokpit.az xatırladır ki, yeganə məşqlərdə Oskpar Piastri hamını üstələyib, sprint yarışının sıralanma turunda isə gözlənilmədən Mercedes-in gənc sürücüsü Kimi Antonelli poulun sahibi olub. Yağışda baş tutmuş sıralanma turunda McLaren ilk 2 yeri tutub. Əsas yarışın sıralanma turunda isə zirvə Maks Ferstappenin olub.
Start düzümündə Ferstappen və Norris ilk, Antonelli və Piastri ikinci, Rassell və Sayns isə üçüncü cərgədə qərarlaşıblar. Pirelli buraya keçənilkindən daha yumşaq təkərləri – C3, C4 və C5 tərkiblərini gətirib. Rassell, Həmilton, Louson, Hülkenberq, Alonso, Berman və Qasli sərt, qalanlar isə orta təkərlərlə yarışa başlayıblar.
Startda Ferstappen yerini qoruyub, Antonelli ikinci yerə qalxıb, Norris isə 6-cı yerə yuvarlanıb. Duhan və Lousonun təması birincinin təkərinin deşilməsi ilə nəticələnib. Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib. VTM arxasında ilk onluq: Ferstappen – Antonelli – Piastri – Rassell – Elbon – Norris – Sayns – Lekler – Tsunoda – Okon.
Restart verilib, 4-cü dövrədə Norris Elbonu, Piastri isə Antonellini geridə qoyub. Bir dövrdə sonra Həmilton Hacarı üstələyib. Norris 9-cu dövrəyə qədər Rasselli və Anotnellini keçərək üçüncü yerə qalxıb.
Piastri fərqi azaldıb və Ferstappenə hücumlar edib. Lakin Maks liderliyini saxlayıb. Lakin Oskar 14-cü dövrədə istədiyinə nail olub. Elbon isə komanda yoldaşı ilə dueldən qalib ayrılıb.
Norris 15-ci dövrədə Ferstappenə çatıb. Lakin onu keçməyə yalnız 18-ci dövrədə nail ola bilib. Piastri isə bu mübarizədən istifadə edərək fərqi 9 saniyəyə qaldırıb. 20-ci dövrədə ilk onluq: Piastri – Norris – Ferstappen – Antonelli – Rassell – Elbon – Sayns – Lekler – Tsunoda – Okon.
Əsas pit-stoplar 23-cü dövrədən başlayıb. Ön sıradakılardan Ferstappen 28-ci dövrədə təkər dəyişib. Bir dövrə sonra Berman mühərrik probleminə görə trasda dayanıb və VTM elan edilib. Piastri, Norris, Rassell və Ferrari sürücüləri fürsətdən istifadə ediblər. Ferstappen bu pit-stopların sonrasında dördüncülüyə geriləyib.
Restart 30-cu dövrədə verilib. Lakin 33-cü dövrədə sözügedən rejim yenidən – bu dəfə Bortoletonun trasda qalmasına görə aktiv edilib. Restartdan sonra Ferrari sürücüləri Saynsı ötüblər. 39-cu dövrədə Lekler komandanın istəyi ilə Həmiltonu irəli buraxıb. Lyuis Antonelli ilə fərqi azaltmaq istəsə də, Kimi dərhal tempini artırıb.
Həmilton cəhdləri uğursuz olduğu üçün 52-ci dövrədə mövqeyini Leklerə geri qaytarıb. Sayns isə onları təqib edib. Sonuncu dövrədə Sayns Həmiltona çatıb. Onların arasında toqquşma baş verib, lakin hər ikisi mövqelərini qoruyaraq yarışa davam edə biliblər. Stüardlar insidentə görə heç birisini cəzalandırmayıb.
Oskar Piastri mövsümdə 4-cü, karyerasında isə 6-cı qələbəsini əldə edib. Bu, avstraliyalı sürücünün həm də ardıcıl üçüncü qələbəsidir ki, McLaren heyətində belə uğura sonuncu dəfə Mika Həkkinen imza atıb.
Lando Norris pis start aldığı yarışda zərəri minimuma endirərək ikinci olub və koamndaya 51-ci qələbə dublunu gətirib. Lakin gənc komanda yoldaşı ilə arasında xal fərqi getdikcə çoxaılr…
Corc Rassell pit-stoplar sonrası qazandığı üçüncülüyü sona qədər qoruya bilib və aktivinə daha bir podium yazdırıb. Bu, ingilis sürücünün cari mövsümdə 6 yarışda 4-cü podiumudur.
Beləliklə, Formula 1 mövsümün öncəsindəki 6 səfər yarışını tamamlayıb və artıq Avropaya qayıdır. Mübarizə 2 gəftə sonra əfsanəvi İmola trasında baş tutacaq Emiliya Romanya Qran Prisi ilə davam edəcək.
Növbəti yarışda bir çox komandanın ciddi yeniliklər gətirəcəyi gözlənilir ki, onlardan da biri Red Bull-dur. Görək, bunlar necə işləyəcək və McLaren ilə bir-başa mübarizə apara bilən komanda olacaq? Amma istənilən halda, ən ciddi yeniliklər üçün İspaniya yarışını gözləmək lazım gələcək.
Bizi qarşıda ardıcıl 3 həftə boyunca bir-birindən fərqli 3 trasda mükəmməl mübarizələr gözləyir…




Şərh əlavə et