Kokpit.az xatırladır ki, avstraliyalı sürücü yarışa 4-cü yerdən başlasa da, startda Lando Norrisin səhvindən istifadə edərək, üçüncü yerə yüksəlib. Daha sonra isə Kimi Antonellini geridə qoyaraq, ikinci olub. Bundan sonra o, yarışın lideri Maks Ferstappenə yaxınlaşıb və bir neçə hücum etdikdən sonra onu keçib.
Oskar Piastri bundan sonra yarışı nəzarətdə saxlayaraq, damalı bayrağa hamıdan əvvəl çatıb və bu mövsüm 4-cü qələbəsini qazanıb. Beləliklə, o, çempionatdakı liderliyini daha da möhkəmlədib.
Yarışdan sonra sualları cavablandıran Oskar Piastri bildirib ki, nəticədən razıdır: “Şənbə günü çox çətin keçmişdi. Sıralanma turu builki ən çətin sessiyalardan biri idi. Buna görə də yarışdan qələbə ilə ayrılmaq doğrudan da təsiredicidir.
Startdan sonra Maksın daxili trayektoriyanı tutduğunu gördüm və o nöqtədə oradan qaçmalı olduğumu bilirdim. O andan etibarən temp cəhətdən üstün olacağımın fərqində idim. Bolid doğrudan da inanılmaz idi. Xüsusən də pitlərə qədər çox sürətli idik. Hard təkərə keçdikdən sonra bir az çətinlik çəkdim. Buna görə də yarışın əvvəlində fərqi açmağım işimə yaradı.
Yarışın sonlarına doğru yarışa nəzarət etməyə başladım. Hələ üzərində işləməli olduğum şeylər var, amma bu qələbədən və topladığım xallardan çox razıyam. Davamlı olaraq öyrənməliyəm. Mayamidə yarışı qazandığım üçün çox sevincliyəm”.




Şərh əlavə et