Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: 6 ay lazımdır

Williams komandasının sürücüsü Karlos Sayns bildirib ki, yeni komandaya öyrəşmək üçün 6 ay vaxt lazımdır.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü bu il Ferrari-dən Williams-a keçib. Onu Ferrari komandasında Lyuis Həmilton əvəz edib.

Karlos Sayns mövsümə yaxşı başlamasa da, son iki yarışda komanda yoldaşı Aleks Elbonla yaxın tempdə gedə bilir. Lakin Lyuis Həmilton üçün vəziyyət heç də ürəkaçan deyil. O, bu mövsüm heç bir yarışı komanda yoldaşı Şarl Leklerin önündə bitirə bilməyib. Sıralanma turunda isə hesab 4-1 monakolu sürücünün xeyrinədir.

Karlos Sayns: “Aleks də, Şarl da komandanı beş barmaqları kimi tanıyırlar. Bolidin maksimum hücünü çoxdan anlayıblar. Yəni ki, komandaya gəlib, birdən-birə onlardan 0.2-0.3 saniyə sürətli olmaq mümkün deyil. Onlar onsuz da performanslarının son həddindədirlər.

Yəni yeni komandaya keçəndə həm özünüz, həm də ətrafınızdakı insanlar sizdən bu səviyyəyə gəlməyinizi gözləyir, amma bunun üçün vaxt lazımdır, çünki onlar komandanı sizdəm çox yaxşı tanıyırlar.

Bu prosesin vaxt aparması çox təbiidir, ancaq bu prosesi nə qədər tez tamamlasanız, əlbəttə, o qədər yaxşı olar.

Komanda yoldaşınızla oxşar dövrəvi nəticə almaq üçün tamamilə fərqli yollarla edilən sazlanmaların nə qədər böyük fərqlilik göstərdiyini xəyal belə edə bilməzsiniz. Williams ilə işə yarayıb-yaramadığını görmək üçün yüksək motor əyləcini sınayıram. Diferensiyal sazlanmaları yoxıayıram. Yəni hər həftəsonu hər şeyi sınayıram. Bolidin nəyi sevib, nəyi sevmədiyini anlamağa çalışıram.

Bəzi şeylər sizin sürüş stilinizə uyğundur, bəziləri deyil. Bu prosesdir və bu proses zamanı çoxlu səhv edə bilirsiniz.

Amma yenə də bu prosesi qucaqlayıb, bundan həzz alırsınız. Bir şey işə yarayanda aydınlanma yaşayırsınız. Bu da çox gözəl hissdir.

Bir maşını yaxşı tanımaq üçün, o maşında hər şeyi sınamaq üçün ən az 6 ay, bəzən də 1 il lazımdır. Bunu həmişə demişəm. Amma bu o demək deyil ki, həmin il performans göstərməyəcəksiniz. 99 faiz göstərsəniz belə bu sizə yaxşı nəticələr qazandıra bilər. Amma 100 faiz performans göstərmək üçün bəzi şeyləri sınamaq lazımdır. Bunun üçün 6 ay vaxt lazımdır”.

Rauf Hacıyev

Şərh əlavə et