Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns Madrid trasının səfiri olub

Madrid trasının tikilişi rəsmi olaraq başlayıb. Bununla bağlı keçirilən tədbirdə Karlos Sayns trasın səfiri seçilib.

Kokpit.az xatırladır ki, 2026-cı ildən etibarən İspaniya Qran Prisi Barselonada yox, paytaxt Madriddə keçiriləcək. Tras İFEMA sərgi mərkəzinin çevrəsində yerləşəcək. Trasın bir hissəsi şəhər trası, bir hissəsi isə stasionar olacaq. Trasın uzunluğu isə 5.4 kilometrdir.

Dünən trasın təməl atma mərasimi keçirilib. Tədbirə Williams komandasının sürücüsü Karlos Sayns da qatılıb. O, trasın rəsmi səfiri olacaq.

Karlos Sayns layihə barədə bunları danışıb: “Mənə təklif göndərəndə iki saniyəyə qərar verdim. Bu layihəni səbirsizliklə gözləyirəm və bu, Madrid üçün əla xəbərdir.

İnsanlar tras haqqında və döngələr barəsində çox sual verirlər. Onlara dedim ki, narahat olmayın. İnsanlara gözəl yarış izlətmək üçün əllərindən gələni edirlər. Bundan başqa trasın çevrəsində konsertlər və başqa tədbirlər də olacaq. Bunlar bizə böyük qatqı verəcək.

Bu, dünyanın ən gözəl trası ola bilər. Yarış təqvimindəki ən yaxşı yarış ola bilər. 24 yarışımız var. Meksika, Mayami və Las Veqas kimi ölkələrdə maraqlı tədbirlər olur. Amma mən Madridə çox inanıram. Onları geridə qoya bilərik. Bunu sınayacağıq.

Həmişə Formula 1 traslarının özünəxas xarakteri və xarizması olnasını istəyirəm. Digər traslardan fərqləndirən döngələr olmalıdır. Madrid qətiliklə fərqli olacaq. Şəhər tipli tras hissəsində divarlar çox yaxındır. Bu da sürücülərə əlavə adrenalin gətirəcək. Stasionar hissələr isə Avropa traslarını xatırladır. Biz pilotlar bunları çox sevirik”.

Rauf Hacıyev

Şərh əlavə et