Xəbəri Kokpitdə Oxuyun!

Yaponiya-2025: Maks Suzukada ardıcıl 4-cü dəfə zirvədə!

2025-ci ildəki intriqa getdikcə böyüyür! İndiyə qədər keçirilən dörd təsnifat sessiyasında (Çindəki sprint üçün təsnifat da daxil olmaqla) biz dörd fərqli poul sahibi görmüşük.

Kokpit.az xatırladır ki, Suzukada poulun sahibi son saniyələrdə məlum olub. Hamı bunu məşqlərdə daha yaxşı nəticələr göstərən McLaren sürücülərindən gözləsə də, Maks Ferstappen onların hər ikisini üstələyə bilib və karyerasında 41-ci, burada isə ardıcıl dördüncü poulunu qazanıb.

Start düzümünüdə ən ön cərgəni Ferstappen və Norris, ikinci cərgəni Piastri və Lekler, üçüncü cərgəni isə Rassell və Antonelli tutublar. Sayns sıralanma turunda Həmiltonu blokladığı üçün startda 3 yer itirməklə cəzalandırılıb.

Pirelli cari mövsümdə ilk dəfə ən sərt üç təkəri – C1, C2 və C3 tərkiblərini yarışa gətirib. Tras səhər yağan yağışdan sonra quruyub, lakin rezin örtüyü də yuyulub. Başlanğıc üçün Həmilton, Bortoleto və Okon sərt, Duhan və Stroll yumşaq, qalan hamı orta təkərləri seçib.

Startda Ferstappen liderliyini qoruyub saxlayıb, ilk onluqda heç bir dəyişiklik olmayıb. Alonso Qaslini qabaqlayıb, Bortoleto 3 yer itirib. Tsunoda Lousonu üstələyib. 2-ci dövrədə ilk onluq: Ferstappen – Norris – Piastri – Lekler – Rassell – Antonelli – Hacar – Həmilton – Elbon – Berman.

Ferstappen DRS məsafəsindən uzaqlaşaraq liderliyini davam etdirib, peleton uzanıb. Həmilton 6-cı dövrədə Hacarı geridə qoyub. İlk pit-stop 10-cu dövrədə Soft təkərlərlə yarışan Strolldan gəlib. Eyni strategiya ilə yarışa başlayan Duhan isə bu addımı 6 dövrə sonra atıb.

Sayns 17-ci dövrədə son şikananı kəsib. Öndəki sürücülərdən ilk pit-stopu 20-ci dövrədə Rassell edib. Ondan bir dövrə sonra Piastri eyni addımı atıb. Daha bir dövrə sonra isə Ferstappen, Norris və Lekler də yeni təkərlərə keçiblər. Maks və Lando pit yolundan çıxarkən insident baş verib – Norris öndə olan Maksı elə orada ötmək istəyib, lakin yer olmadığı üçün otluğa çıxıb. Dərhal hər iki tərəf şikayətlənsə də, stüardlar heç bir cəza tətbiq etməyiblər.

Sayns son şikanada yenə eyni səhvə yol verib. Elbon Bortoletonu ötüb. Bir qədər sonra isə Okonu da keçib. Həmilton nəhayət, 31-ci dövrədə pit-stop edib. Elbon Lousonlar mübarizədən də qalib ayrılıb. 35-ci dövrədə ilk onluq: Ferstappen – Norris – Piastri – Lekler – Rassell – Antonelli – Həmilton – Hacar – Elbon – Berman.

Piastri komandaya Norrisdən daha sürətli olduğunu, komanda yoldaşı yol verərsə, Maksa hücum edə biləcəyini deyib. Lakin komanda onların yerdəyişməsi üçün göstəriş verməyib. Sayns Hülkenberq və Duhanı ötüb.

Festappen son dövrəyə qədər Norrisi DRS məsafəsinə buraxmayıb və hücum imkanı verməyib.

Maks Ferstappen mövsümdə ilk, karyerasında isə 64-cü qələbəsini qazanıb. Bununla da çempionatdakı xal fərqini 1-ə endirib. Lando Norris yarışı ikinci pillədə başa vurub, Oskar Piastri isə üçüncü yeri tutaraq komandasına podyum dublu qazandırıb.

Ayzek Hacar ilk xallarını qazanıb, Fernando Alonso isə mövsümdə ilk dəfə yarışı başa vura bilib. Bununla da artıq bütün sürücülər mövsümdə finiş görmüş olublar.

Kimi Antonelli Formula 1 tarixində yarışa liderlik edən və sürətli dövrə vuran ən gənc sürücü ünvanını ələ keçirib.

Bu, ardıcıl 3 yarışın ilki idi – mübarizə gələn həftə Saxirdə, daha bir həftə sonra isə Ciddə küçələrində davam edəcək.

Elçin Zodorov

Şərh əlavə et