Sessiyanın ilk sürətli dövrəsini Liam Louson atıb. Red Bull-dan Racing Bulls-a keçən sürücü 1.30.576 zaman nəticəsi göstərib.
Sessiyanın 7-ci dəqiqəsində isə Alpine komandasının sürücüsü Cek Duhən birinci döngədə böyük qəza edərək, bariyerlərə çırpılıb. Bundan sonra sessiya qırmızı bayraqlarla dayandırılıb. Avstraliyalı pilot isə yaralanmadan maşından çıxa bilib.

Sessiyanın bitməsinə 30 dəqiqə qalmış yaşıl bayraqlar sallanıb və sürücülər yenidən trasa çıxıblar. Lakin bundan 5 dəqiqə sonra Fernando Alonso çınqılığa düşüb və oradan çıxa bilməyib. Buna görə də yenidən qırmızı bayraqlar dövrəyə girib.
Bundan 5 dəqiqə sonra sessiya yenidən yaşıl bayraqlarla başlayıb və sürücülər sürətli dövrələr vurublar.

Lando Norris 1.28.163 zaman nəticəsi ilə zirvəyə yerləşib. Lakin bundan sonra yenidən qırmızı bayraqlarla sessiya dayanıb. Bu dəfə səbəb otların yanması olub.
Sessiyanın bitməsinə 7 dəqiqə qalmış yaşıl bayraqlar sallanıb və sessiyaya üçüncü dəfə start verilib.
Oskar Piastri 1.28.114 zaman nəticəsi göstərərək, liderliyi komanda yoldaşının əlindən alıb.
Bu anda Lyuis Həmilton və Ləns Stroll stüardların təlimatlarına uymadıqları üçün qeydə alınıblar.
Sessiyanın bitməsinə 10 saniyə qalmış yenə otlar alov alıb və yenə qırmızı bayraqlar çıxıb.
Beləliklə Oskar Piastri günü zirvədə bitirib. Lando Norris ikinci, Ayşaq Hajar üçüncü olublar.




Şərh əlavə et