Kokpit.az xatırladır ki, britaniyalı sürücü mövsümün ilk iki yarışında uğurlu çıxışı ilə diqqətləri cəlb edib. O, mövsümün ilk iki yarışında üçüncü olaraq podiuma çıxıb və hazırda 35 xalla turnir cədvəlində üçüncü yerdədir.
Suzukada keçirilən mətbuat konfransında danışan Corc Rassell komandasının bu il stabil formada yaxşı nəticələr əldə edə biləcəyinə inandığını, lakin bunun üçün çox çalışmalı olduqlarını deyib: “İlk iki yarış bizim üçün əla keçdi, iki dəfə podiuma çıxdım. Bundan artığını gözləmək real olmazdı. Amma mövsüm çox uzundur və hələ iki yarış geridə qalıb. Düşünürəm ki, Red Bull və Ferrari hələ tam potensiallarını ortaya qoymayıblar. Buna görə də hər həftəsonu eyni nəticələri alacağımızı söyləmək hələ tezdir. Amma biz bilirik ki, əlimizdən gələni etsək, ön qrupda mübarizəmizi davam etdirə bilərik”.
Corc Rassell bildirib ki, Çin Qran Prisində avtomobilin yarış tempindən təəccübləniblər “Bolidimizin sürəti bizi müsbət mənada təəccübləndirdi. Onsuz da sıralanma turunda yaxşıyıq, lakin Çində yarış tempində də kifayət qədər güclü olduğumuzu gördük. Orada sürət baxımından ikinci ən yaxşı komanda idik. Bu, müsbət əlamət idi”.
Mövsümün ilk iki yarışında podiuma çıxan Corc Rassell bildirib ki, növbədəki Yaponiya Qran Prisi Mercedes üçün böyük sınaq olacaq: “İndi növbədə Yaponiya Qran Prisi var. Bu, keçən il bizim üçün ən pis yarışlardan biri idi. Bu həftəsonu son 12 ayda bolidi nə qədər təkmilləşdirdiyimizi görmək üçün əla fürsət olacaq”.
Corc Rassell komandanın rəhbəri Toto Volfun onun haqqında müsbət fikirlər söylədiyini eşitdiyini və bu halın onu sevindirdiyini bildirib: “Mətbuatı və sosial medianı izləmirəm, amma bu gün biri mənə Totonun mənim haqqımda çox müsbət danışdığını söylədi. Bu, gözəl haldır, amma onun mənə güvəndiyini artıq bilirəm. Əhəmiyyətli olan komandanın daxilində baş verənlərdir. Kənarda deyilənlər o qədər də önəmli deyil”.
Hələ 2026-cı il mövsümü üçün Mercedes-lə yeni müqavilə imzalamasa da, 27 yaşlı sürücü bununla bağlı heç bir narahatlığının olmadığını bildirib: “Müqavilə ilə bağlı narahatlığım yoxdur, çünki özümə güvənirəm. Formula 1-də işlər çox tez dəyişə bilər, amma önəmli olan trasda nəticə əldə etməkdir. İndiyə qədər həmişə belə olub.
Toto ilə əvvəlki müqavilələrimiz haqqında danışanda, adətən, bir gündən çox çəkmirdi. Sonra vəkillər gəlirdi və hər şey qısa müddətdə həll olunurdu. Hazırda tələsmirəm və heç bir təzyiq hiss etmirəm. Mövsümdən həzz alıram və bu, ən vacib şeydir.”
Şərh əlavə et