Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin 2-3 aya 2026-cı ilə yönlənəcək

Aston Martin komandası iki-üç ay ərzində 2025-ci il bolidinin inkişafını dayandıracaq və bütün diqqətini 2026-cı il mövsümünə yönəldəcək.

Kokpit.az xatırladır ki, Britaniya təmsilçisi mövsümə gözləntilərin xeyli aşağısında başlayıb. Lakin onlar hazırda əsas üstünlüyü AMR25-in inkişafına veriblər.

Bununla belə, komandanın Əməliyyatlar Direktoru Ben Fitsqerald bir neçə ay ərzində bütün diqqətlərini 2026-cı il layihəsinə yönəldəcəklərini açıqlayıb:  “Aerodinamika şöbəsi hazırda həm AMR25-in, həm də 2026 bolidininüzərində işləyir, lakin bizim mühəndis komandamızın əsas prioriteti AMR25-in  yeniliklərini vaxtında çatdırmaqdır”.

Aston Martin  may və ya iyun aylarında strateji dəyişiklik etməyi və bütün resurslarını 2026-cı il avtomobilinə keçirməyi planlaşdırır.

Ben Fitsqerald: “Biz bütün diqqətimizi 2026-cı il avtomobilinə yönəldəcəyik. Təxminən 8-10 həftə ərzində dizayn mərhələsindən istehsal mərhələsinə keçəcəyik”.

Sonda Fitsqerald əlavə edib ki, artıq istehsal prosesinə başlayıblar və 2026-cı il bolidinin şassisi emal edilib. Karbon fiber hissəsi isə növbəti beş həftə ərzində tamamlanacaq.  2026-cı ildən yeni güc qurğusu reqlamenti qüvvəyə minəcək və Aston Martin gələn ildən etibarən Honda ilə işləməyə başlayacaqlar.

Qeyd edək ki, “yaşıllar” bu il ilk iki yarışda Ləns Strolla 10 xal toplayıblar. Komandanın veteran sürücüsü Fernando Alonsonun isə xalı yoxdur.

Rauf Hacıyev

Şərh əlavə et