Xəbəri Kokpitdə Oxuyun!

Fernando Alonso yenə zədələnib?

Aston Martin komandasının sürücüsü Fernando Alonso yenidən zədə ilə yarışdığını açıqlayıb. 43 yaşlı pilotun bu dəfə boynunda sinir sıxılması ola bilər.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü bazar günü keçirilən Çin yarışında əyləc yanması problemi yaşayıb və mübarizəni vaxtından əvvəl dayandırıb. Alonso yarışa komanda yoldaşı Lans Strollu qabaqlayaraq 13-cü yerdən başlamışdı. Bununla belə, Stroll yarışı 9-cu yerdə başa vuraraq xal alarkən, Alonso ilk dövrələrdən mübarizəni dayandırıb.

Lakin veteran sürücünün İspaniya mətbuatına verdiyi müsahibədən məlum olub ki, nəinki bolidinin, heç özünün də vəziyyəti yaxşı deyil. Alonsonun boynunda bandaj olduğu qeyd edilib.

Fernando Alonso: “Mən yaxşıyam. Son bir neçə gündə qoruyucu taxdım, çünki boynumda sıxılmış sinir və ya oxşar problem var idi. Amma o da çox kömək etmədi, çünki mübarizəni çox tez dayandırdım.

Əyləclə bağlı problemimiz var idi. İlk dövrədən arxa əyləclər çox isti idi və mübarizəni dayandırmamışdan əvvəl birinci dövrəyə gələndə əyləc pedalına basdım və pedal tam aşağı düşdü. Əyləc gücü yox idi. Xoşbəxtlikdən o döngə uzun idi. Ötürmələri aşağı salmaqla və mühərrik əyləci iləsürəti azaltmağı bacardım. Əgər bu problem 14-cü döngədə əyləc zonasında baş versəydi, mən beş-altı rəqibimi mübarizədən kənarlaşdırardım.  Qəza etmədik və bəxtimiz gətirdi.

İndi nə baş verdiyini başa düşməliyik və üç həftə ardıcıl yarışımız var. Ümid edirəm ki, Yaponiyada işlər tərsinə dönəcək və mən bu mövsüm ilk dəfə damalı bayrağı görə bilərəm”.

Bu, Alonsonun ilk zədəsi deyil. 2016-cı ildə mövsümün açılış yarışı olan Avstraliyada qəzaya uğrayan Fernando Alonso qabırğalarını sındırmış və ağciyərləri zədələnmişdi. Lakin o, bir ay keçməmiş yenidən yarışlara qayıda bilmişdi.

2021-ci ildə velosiped qəzası edərək çənəsini sındırmış və əməliyyat olunmuşdu. Buna baxmayaraq o, əməliyyatdan bir ay sonra mövsümöncəsi testlərdə  trasa çıxmışdı.

Keçən il isə Braziliyada yeni və kələ-kötür asfalt qatı onun çiynindəki köhnə zədəni yenidən üzə çıxarmışdı. Buna baxmayaraq, Fernando Alonso ağrıkəsici qəbul edərək, yarışa qatılmışdı.

Rauf Hacıyev

Şərh əlavə et