Kokpit.az xatırladır ki, buradakə yeganə sərbəst yürüşlərdə Lando Norris ən sürətli olub. Sprint sıralanma turunda poulu əldə edən Lyuis Həmilton qısa yarışda bunu qələbəyə çevirə bilib. Dünən isə poul Oskar Piastrinin olub.
Pirelli bura orta üçlüyü – C2, C3, və C4 tərkiblərini gətirib. Sürücülər daha çox Medium təkərlərlə işləyiblər. Yeni asfaltın codluğu yüksək aşınmaya səbəb olub. Stroll, Berman və Louson yarışa sərt, qalanları isə orta təkərlərlə başlayıblar.
Əvvəlcə bugünlərdə vəfat etmiş Eddi Cordanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yarışa ilk cərgədən Piastri və Rassell, ikinci cərgədən Norris və Ferstappen, üçüncü cərgədən isə Ferrari sürücüləri start veriblər.
Startda Piastri liderliyini qoruyub, Norris Rasselli üstələyib. Ferstappen isə iki Ferrari-nin gerisinə düşüb. Hülkenberq 7 pillə itirib. Bortoleto yerində fırlanaraq təkərlərini zədələyib və erkən pit-stop etməli olub. 2-ci dövrədə ilk onluq: Piastri – Norris – Rassell – Həmilton – Lekler – Ferstappen – Antonelli – Tsunoda – Haccar – Okon.
Alonso əyləc probleminə görə temp itirib və 4-cü dövrədə yarışdan çəkilib – ispan sürücü mövsümün ikinci yarışını da tamamlaya bilməyib. Sol ön təkəri qorumaq bu trasda vacib olduğundan, sürücülər aqressiv hücumlar etməyiblər.
Pit-stop dalğasına 11-ci dövrədə Qasli başlayıb. Ardınca Okon, Dühən, Antonelli və Haccar onu izləyiblər. Liderlər qrupundan ən tez tərpənənlər Həmilton və Ferstappen olub – onlar 14-cü dövrədə təkər dəyişiblər. Bir dövrə sonra isə Piastri və Rassell yeni təkərlərə keçib. Norris bir dövrə sonra pitə gəlib. Üçüncülük üçün Rasssellə hücum edib və onu geridə qoyub.
Elbon liderliyə yüksəlib, lakin Norris və Rassellə keçildikdən sonra o da pit yoluna üz tutub. Komanda Həmiltondan Lekleri önə buraxmasını istəyib. Monakolu sürücü Rassellə yaxınlaşıb, lakin ona real hücumlar edə bilməyib. 35-ci dövrədə ilk onluq: Piastri – Norris – Rassell – Lekler – Həmilton – Ferstappen – Stroll – Tsunoda – Okon – Antonelli.
40-cı dövrədə Berman bir neçə cəhddən sonra onuncu yer uğrunda mübarizədə Qaslini qabaqlayıb. Həmilton təkərləri ikinci dəfə dəyişdirdikdən sonra tempi artırıb, bir neçə sürətli dövrə vurub və rəqiblərinin pitə getməsini gözləyib. Lakin hamı mövcud təkər dəsti ilə yarışı başa vurmağa çalışıb və heç kim pitə getməyib.
Haccarın Duenə hücumu ikincinin onu trasdan çıxarması ilə nəticələnib. Stüardlar Alpine sürücüsünə 10 saniyəlik cəza veriblər. Ön qanadı qırılan Tsunoda onu dəyişdirmək üçün pit-stop edib və trasa sonuncu yerdə qayıdıb.
Ferstappen 53-cü dövrədə Leklerə yaxınlaşaraq hücum edib və onu geridə qoymağı bacarıb. Son dövrənin başlamasına az qalmış Norrisin əyləclərində ciddi problem yaranıb və britaniyalı sürücü bir dövrədə 6 saniyəyə yaxın vaxt itirib. Lakin Rassellin ona çatmasına məsafə kifayət etməyib.
Oskar Piastri mövsümdə ilk, karyerasında isə üçüncü qələbəsini qazanıb. Lando Norris ikinci olaraq McLaren-ə tarixində 50-ci qələbə dublunu bəxş edib. Corc Rassell isə ardıcıl ikinci yarışda da podiumun üçüncü pilləsinin sahibi olub.
Finişdən sonra Lyuis Həmilton altlığın çox yeyilməsinə, Şarl Lekler və Pyer Qasli isə maşının normadan daha yüngül olmasına görə diskvalifikasiya ediliblər.
Mübarizə 2 həftə sonra əfsanəvi Suzuka trasında davam edəcək…
Şərh əlavə et