Həftəsonunn yeganə məşq sessiyası sazlanmalar və təkərlər üzərində işləməyə kifayət etməyib, buna görə də, sürücülər proqramlarını bu sıralanma turunda davam etdiriblər.
Pirelli bura “orta üçlüyü” – C2, C3 və C4 tərkiblərini gətirib. Sürücülər məşqlərdə əsasən Medium təkərlərlə işləyiblər və sıralanma turunda da onlara üstünlük veriblər.
İlk sessiyada bütün sürücülər qaydaların tələblərinə uyğun olaraq, orta təkərlərlə mübarizəyə başlayıblar. Piastri ilk cəhddə üstün olub. İkinci cəhdlərdə isə komanda yoldaşı onu üstələyib, Həmilton isə hamıdan sürətli olub – 1:31.212. Tras hüdudlarını pozaraq nəticəsi ləğv edilən Lousonla birlikdə Hülkenberq, Okon, Qasli və Duen mübarizəni dayandırıblar.
İkinci sessiyada yenə hamı Medium-larla trasa çıxıb. Bir çox sürücü ilk cəhdə getməyib. Norrisin 1:31.174-lik nəticəsi sona qədər ən yaxşı olub. İlk onluq son dəqiqələrdə müəyyənləşib. Həcər, Bortoleto, Sayns, Berman və Alonso üçün mübarizə başa çatıb.
Son sessiyada hamı Soft təkərləri seçib. Əvvəlcə Piastri trasın yeni rekordunu müəyyən edib – 1:30,929. Lakin Həmilton o rekordu dərhal yeniləyib – 1:30.849.
Lyuis Həmilton karyerasında ikinci dəfə sprint yarışının sıralanma turunda qalib gəlib. Sabahkı mini-yarışa onunla birlikdə ən öndən Maks Ferstappen başlayacaq. Oskar Piastri və Şarl Lekler ikinci, Corc Rassell və Lando Norris isə üçüncü cərgədən start alacaqlar.
Şərh əlavə et