Kokpit.az xatırladır ki, McLaren gözlənildiyi kimi mövsümə mükəmməl başlayıb və ilk yarışda qələbə dublu əldə etməyə yaxın olub. Komandanın xüsusən də yarış tempində açıq üstünlüyə malik olduğu düşünülür və buna görə də demək olar ki, hər kəs onları favorit hesab edir.
Bu məsələni dəyərləndirən Mercedes komandasının pilotu Corc Rassell iddia edir ki, McLaren 2023-cü ildə Red Bull-un performansını belə keçə bilər: “Keçən il Red Bull sıralanma turunda 0.3-0.4 saniyə üstünlüyə malik idi. İndi McLaren-in üstünlüyü bundan qat-qat böyükdür. Düşünürəm ki, onlar sahib olduqları avtomobillə hər yarışda qalib gələ bilərlər.
Onların maşını hər yarışda qalib gəlməyə qadirdir, lakin bu il hər yarışda qalib gələcəklərini düşünmürəm. Görəcəyik. Bu il rəqibləri ilə fərq Red Bull-un 2023-cü ildəki fərqindən böyükdür. O zaman Maks avtomobildə hər dövrədə çox təmiz və stabil idi. Q3-də hər dövrədə əlindən gələni edirdi”.
Corc Rassell belə hesab edir ki, McLaren-in bu qədər sürətli olmasının səbəbi onun Pirelli təkərləridir: “Bu fərqi mövsüm boyu aradan qaldırmaq mümkün deyil. Aydındır ki, onlar hamıdan daha yaxşı bir iş görürlər, təkərlər qızanda hamıdan daha sürətli olurlar.
Bunu Bəhreyn testində gördük. Melburndakı təsnifat mərhələsinin üçüncü sektorunda hamıdan 0.4 saniyə daha sürətli olduqlarını gördük. Təkcə aerodinamika ilə mövsüm ərzində belə böyük fərqə nail olmaq mümkün deyil. Təkərlər qızdırılan zaman McLaren rəqiblərindən xeyli sürətlidir. Eyni avtomobillə onlar ilk iki sektorda fərq yaratmırlar, lakin üçüncü sektorda təkərlər çox qızır və hər kəs vaxt itirdiyi halda, McLaren uduzmur”.
Rassell McLaren-i Melburnda önə çıxaran təkər üstünlüyünün əksər traslarda təkrarlanacağını gözləyir: “Onlar hava soyuq olanda mübarizə aparmaqda çətinlik çəkə bilərlər Onlar təkərləri soyutmaqda hamıdan daha yaxşı görünürlər, keçən il də bunu gördük. Sinqapur kimi çox isti şəhər tipli traslarda çox güclü idilər. Eyni şey Zandfort üçün də keçərlidir. Amma məsələn, Las Veqasda heç də yaxşı deyildilər. Onların bu cür traslarda problemləri ola bilər, amma əminəm ki, bunun həllini tapıblar”.
Şərh əlavə et